BDU-nun rektor müşavirini və komendantı bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyev barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi yekunlaşıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda elan olunmuş qərara əsasən şikayət təmin edilməyib.

Məhkəmə cinayət işində cəzanın azaldılması üçün heç bir əsasın olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, hadisə ötən il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma – zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində qəfildən maaşının azaldılmasına sonra isə işdən azad edilməsinə görə gərgin olması hadisənin baş verməsinə gətirib çıxardığını demişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmixan Mirzəyev 7 il azadlıqdan məhrum edilib.