Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BDU rektorundan ustad jurnalistə SAYĞISIZLIQ: Professor Nəsir Əhmədli universitetə buraxılmadı - RƏSMİ AÇIQLAMA / YENİLƏNDİ

“Professor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” qanuna “SAYĞI”, BDU-nun öz qocaman pedaqoqlarına “QAYĞI”sıdır”.

Yenicag.az xəbər verir ki, Bakı Dövlət Universiteti professor Nəsir Əhmədlinin dərs dediyi ali məktəbin qapısından geri qaytarılmasına münasibət bildirib.

Açıqlamanı təqdim edirik:

“Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq cari ilin 3 mart tarixindən bütün təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universitetində də tədris və təlim-tərbiyə prosesi dayandırılmış, tədris məsafədən (distant formada) təşkil edilmişdir. Yay imtahan sessiyası dövründə, qanunvericiliyə uyğun olaraq, yalnız onlayn imtahan sessiyasının təşkili məqsədilə məhdud sayda əməkdaş işə cəlb olunmuşdur.

Bakı Dövlət Universitetində xüsusi karantin rejiminin tələblərinə hər zaman ciddi əməl olunmuş, əməkdaşların təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülmüşdür və görülməkdə davam edir. Hazırda əyani formada tədris və təlim-tərbiyə prosesinin təşkili üçün bütün tələblərin yerinə yetirilməsi istiqamətində vacib işlər görülür.

Məlum olduğu kimi, təhsil müəssisələrində tədrisin distant təşkili hal-hazıra qədər davam edir. 2020/2021-ci tərdis ilində tədrisin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilmiş, Azərbaycan Respublikasının Təhsil naziri bu barədə 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli müvafiq əmr imzalamışdır. Göstərilən Qaydanın 4.2.1-ci bəndinə görə, əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqdır. BDU-nun rəhbərliyi bütün struktur bölmələrinə yaşı 65-dən yuxarı olan hörmətli pedaqoqlarımıza ehtiyac yarandığı təqdirdə lazımi texniki dəstəyin göstərilməsi, eyni zamanda ehtiyac olarsa dərslərini daha gənc pedaqoqların əvəz etməsi barədə tapşırıq vermişdir.

Ölkəmizin 101 yaşlı ali təhsil müəssisəsi olan BDU hər zaman qocaman, ağsaqqal pedaqoqlarına hörmətlə yanaşmış, onların öz zəngin təcrübələrini, biliklərini tələbələrə, gənc pedaqoqlara çatdırmaları üçün bütün şəraiti yaratmışdır. Təsadüfi deyil ki, Universitet üzrə qərarların qəbul edilməsində BDU-nun Ağsaqqallar Şurasının rəyinə, ustad pedaqoqların məsləhətlərinə böyük önəm verilir. Professor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” ustad jurnalistə “sayğısızlıq” deyil, qanuna “SAYĞI”, BDU-nun öz qocaman pedaqoqlarına “QAYĞI”sı kimi qəbul edilməlidir.

Professor Nəsir Əhmədli BDU-nun ağsaqqal, təcrübəli və ustad professorlarındandır. Bu gün də həvəslə peşəkar jurnalist kadrların hazırlanmasında əvəzsiz rol oynayır. Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində ustad müəllim kimi mübarizə aparır. Bu yorulmaz elmi və pedaqoji fəaliyyətinə görə ötən il BDU-nun 100 illik yubileyi münasibətilə “3-cü dərəcəli Əmək Ordeni” və Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir”.

***

“Demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar”.

Yenicag.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli dərs dediyi ali məktəbin qapısından geri qaytarılıb.

Professor bu barədə özünün “Facebook” hesdabında yazıb:

“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:

Nəsir Əhmədli
                                   Nəsir Əhmədli

– Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

– Niyə ki?

– Yaşınız 65-dən çoxdur.

Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.

Horas Makkoyun “Yorulmuş atları güllələyirlər…” romanı yadıma düşdü…”

Qeyd edək ki, BDU-nun yeni rektoru Elçin Babayev təyinatının ilk günlərində özünə müsbət imic formalaşdırmağa çalışsa da, yarıtmaz idarəetmə sayəsində tam fərqli “nəticə”yə nail olub.

Belə ki, rektor təyin edildikdən sonra universitetin yalnız xarici görünüşünə diqqət yetirən Elçin Babayevin zəif idarəçiliyi səbəbindən fakültələrdə müəyyən “reket qruplaşmaları”nın meydana çıxdığı bildirilir.

Bu da öz növbəsində tələbə-müəllim-kafedra müdiri-dekan zəncirində birinci və ikincilərin haqlarının tapdanmasına, digərlərinin isə “Taxt savaşları”na yol açıb. İdarəetmənin effektsiz olduğu müəssisədə hansı boşluqların yarandığı hər kəsə bəllidir.

Son olaraq, ömrünün 55 ili BDU-ya bağlı olan, jurnalitikamızın mogikanları sırasında dayanan professor Nəsir Əhmədlinin universitet ərazisinə buraxılmaması da yeni rektorun ictimai nüfuzu yüksək olan şəxslərə münasibətinin əyani göstəricisidir.

www.yenicag.az

7361