“Bəhanələrə gərək yoxdur, hər seçkidən sonra hazırlaşmalıyıq” – İqbal Ağazadə

Ümid partiyasının may ayında keçirilməsi nəzərdə tutulan qurultayı yaxın günlərdə baş tuta bilər.

Bununla bağlı Yenicag.az-a partiya sədri İqbal Ağazadə məlumat verib. Onun sözlərinə görə, fevral ayının 10-da Ümid partiyasının növbədənkənar sessiyası çağırılıb:

“Növbədənkənar sessiya qurultayın çağırılması, prezident seçkilərində iştirakın forması ilə bağlı qərar verəcək”.

Prezidentin məlum sərəncamını şərh edən İqbal Ağazadə bildirib ki, hüquqi baxımdan bu sərəncamda heç bir problem yoxdur:

“Sərəncama iki cəhətdən yanaşılır. Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsi prezidentə növbədənkənar prezident seçkiləri keçirtmək səlahiyyəti verir. Burada başqa bir şey axtarmaq lazım deyil. Hüquq prezidentə verilən səlahiyyətdir və ölkə başçısı bu səlahiyyətdən istifadə edib. Niyə istifadə edib, cəmiyyətə bununla bağlı məlumat verilir-verilmirmi bu məsələnin ikinci tərəfidir. Qanun pozulmayıb, məsələnin əsas məğzi budur.

Konstitusiyanın digər maddəsinə uyğun olaraq növbədənkənar prezident seçkiləri 60 gün müddətində keçirilir, bu da seçki məcəlləsinin tələbləri ilə tənzimlənir. Sərəncamın hüquqi tərəfində heç bir ziddiyyət yoxdur. “Biz bunu istəmirdik”, bu artıq referendumun məsələsi idi. Referendumda etiraz edib, bunu durdura bilmədik, referendumda Konstitusiya qəbul edildi və prezident səlahiyyətlərindən istifadə edir. Kimsə deyə bilməz ki, bunu niyə etdin”.

Məsələnin digər tərəfinə gəldikdə isə partiya sədri qeyd etdi ki, “müxalifət qəfil yaxalandı”, “ATƏT müşahidə missiyası göndərə bilməyəcək” kimi fikirlər bəhanələrdir, biz seçkiyə hər seçkidən sonra hazırlaşmalıyıq:

“Bu sərəncam gözlənilən idi. Əgər Azərbaycan Respublikasının referendumdan sonra qüvvəyə minən yenilənmiş Konstitusiyası var idisə və Konstitusiyanın bütün sferaları üzrə tətbiqi – vitse-prezidentlik institutu, iqtisadi sektorla bağlı həyata keçirilmişdisə, növbədənkənar prezident seçkilərini də gözləmək olardı. Bu sərəncamın hüquqi tərəfini müzakirə etməyə ehtiyac yoxdur”.

Müxalifətin bir kəsminin seçkilərin boykot etməsi ilə bağlı məsələyə münasibət bildirən eks-deputat qeyd edib ki, heç kim onlara deyə bilməz ki, seçkini niyə baykot edirsən:

“Boykot edənlər şəraiti, vəziyyəti, özünü və ölkənin vəziyyətini gözlərinin önünə qoyaraq, deyir ki, seçkidə iştirakım mənim özümə və cəmiyyətə fayda verməyəcək. Ona görə də onların üzərinə getmək lazım deyil”.

Səxavət Məmməd

COP29