Bəhram Osmanovdan DOĞUM GÜNÜ ETİRAFI: “Bunu artıq özümə dərd etmirəm” – MÜSAHİBƏ

Bu gün bir çox məşhur tamaşalara səhnə həyatı bəxş edən tanınmış rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun doğum günüdür.

Özəl gününü teatrda məşq prosesində keçirən rejissor təəssüratını Yenicag.az-la bölüşüb.

– Məşq prosesində olmağınızdan belə anladım ki, doğum gününüzü adi günlərdən biri kimi qeyd edirsiz…

– Təmtərağı sevmirəm, heç vaxt da sevməmişəm. Axşam evdə ailə ilə birgə qeyd edəcəyik.

– Rəqəmlərin sizin üçün önəmi var? Yaş üstə yaş gəlməyi nəzərdə tuturam.

– Rəqəmlərin mənim üçün heç bir önəmi yoxdur. Heç nə yaşı gözləyirəm, nə də rəqəmləri hesablayıram. Həyatdır, gəlirik, yaşayırıq və bir gün bitir. Yaşadıqca ömür istər-istəməz azalır.

– Bəs yaş üstə gələn yaş sizdə nələri dəyişir?

– İstəyirəm, səhvim olmasın. Daha çox barışıq istəyirəm.

– Yəni?

– Məsələn, kimdənsə incikliyim varsa, nəyinsə xatirinə bağışlayıram, gedir.

– Asanlıqla bağışlayırsınız?

– İllər keçəndən sonra görürsən, incikliyin əhəmiyyəti yox imiş. Ona görə, bəli, asanlıqla bağışlayıram. Onsuz da itirdiklərimi itirmişəm və indən sonra heç nə itirmək istəmirəm.

– Şah əsərinizi yaratmısınız?

– Ugurlu tamaşalarım olub, amma dediyiniz o şah əsəri hələ yaratmamışam. Şah əsəri yaratdın, gərək işləməyəsən, çəkiləsən kənara. Bizim sənətimizdə də o yoxdur. Tam şah əsər yoxdur. Mənim nəzərimdə belədir. Kimdənsə sonra bu kiminsə şaha əsəridir, şah romanıdır, amma o qurtardısa, artıq hər şey bitir. Artıq yaşamağa, işləməyə maraq olmur. Bu mənada deyirəm. Mən uğurun özünə belə, xüsusi baxmıram. Yəni işdir də, oldu.

– Bəs uğursuzluğa yanaşmanız necə olub?

– Ugursuzluğu da o qədər dərd etmirəm artıq. Çünki yaşlanmışam və təcrübəm artıb. Yəni oldu, oldu. Heç kəs yaxasını uğurdan da qurtara bilmir, uğursuzluqdan da. Hamı kimi uğur istəyirsən, amma əvvəl uğursuz ol.

Cəvahir