ABŞ-ın ardından Bəhreyn Krallığında da edam hökmlərini icra etməyə başlayıblar.
Yenicag.az xəbər verir ki, Krallığın baş prokuroru Əhməd Əl Həmmadi iyulun 27-də məhkəmənin barələrində ölüm hökmü çıxardığı üç nəfərin edam edildiyini bildirib.
Bəhreynin rəsmi xəbər agentliyi (BNA) bildirib ki, Krallığın Ali Məhkəməsi terrorçu qruplaşmaların üzvü olan və qətllərdə, terror aktlarının həyata keçirilməsində təqsirli bilinən üç gəncin edam cəzasına məhkum edilməsi barədə əyalət məhkəməsinin 2017-ci ildə verdiyi qərarı təsdiq edib.
Qeyd olunub ki, insan hüquqları müdafiəçiləri Bəhreyndə ölüm hökmünün ləğv edilməsi tələbi ilə bir neçə dəfə etiraz aksiyaları keçiriblər. BMT-nin ekspert qrupu da bu ölkədə təriqət zəminində qarşıdurmalarda iştirak edənlərin barəsində edam cəzası verilməsindən narahatlığını ifadə edib. Vurğulanıb ki, Bəhreyndə şiələrə qarşı təqib halları son illərdə daha da güclənib./AZƏRTAC/