!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəkir Bozdağ: “ABŞ 15 iyulda Türkiyədə seçilmiş hakimiyyəti dəstəklədiyini bəyan etmədi”

!Reklam – Yazi

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin 1-ci ildönümü ilə bağlı Azərbaycan və digər ölkələrdən gələn jurnalistlərlə görüşüb.

Yenicag.Az xəbər verir ki, çıxışına FETÖ-nun 15 iyul uğursuz çevriliş təşəbbüsü ilə başlayan Bəkir Bozdağ Türkiyə rəhbərliyi ilə xalqın bu xain planı inanılmaz qətiyyətlə puça çıxartdığını deyib:

“15 iyul çevriliş cəhdinin qarşısının alınması zamanı 249 vətəndaşımız şəhid oldu, 2 mindən artıq insan yaralandı. Türkiyənin Prezident Sarayı, Böyük Millət Məclisinin binası bombalandı, yüzlərlə vətəndaşımız öldürüldü.
Türkiyə Böyük Millət Məclisi yaradıldığı tarixdən sonra ilk dəfə bombalanıb. Mən parlamentdə çıxış edən zaman Məclisin binasına iki dəfə bomba atıldı. Bombalar 20-25 metr yaxına düşsəydi, yəqin ki indi sizin qarşınızda çıxış edə bilməzdim.

Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə demokratiyaya, Cümhuriyyətə sahib çıxıb. Türkiyə prezidentinin xalqı meydanlara səsləməsindən sonra proseslərin istiqaməti dəyişdi”.

Bozdağ əlavə edib ki, bu gün əksər beynəlxalq təşkilatlar və media orqanları Türkiyəyə və onun prezidenti Ərdoğana qarşı çirkin kampaniya aparırlar:

“Dünyada xalqın əmanətinə sahib çıxmaq üçün hərbi çevriliş etmək istəyənlərə meydan oxuyan ikinci lider varmı? Yoxdur. ABŞ, Avropa da daxil olmaqla, həmişə demokratiyadan bəhs edənlər yalnız hərbi çevrilişin qarşısı alındıqdan sonra ortaya mövqe qoyuldu. Biz bundan çox təəssüfləndik.

Çevriliş cəhdinin nəticəsi məlum olmayan məqamda ABŞ-dan açıqlama verildi ki, Türkiyədə sabitliyin tərəfdarıyıq. ABŞ Türkiyədə seçilmiş hakimiyyəti dəstəklədiyini, hakimiyyətin yalnız seçki yolu ilə dəyişdirilə biləcəyini bəyan edə bilmir. Bir neçə ölkəni nəzərə almasaq, Türkiyə bu məsələdə təkbaşına qoyuldu. Hərbi çevriliş cəhdinin uğursuz olmasının səbəbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın qorxub qaçmaması, ölümü gözünə alaraq xalqın mübarizəsinə rəhbərlik etməsidir. Ən əsası isə xalqımız siyasi mənsubiyyətindən asılı olmayaraq, meydanlara axışdı, tankların qarşısına əliyalın çıxdı.

Dünyada demokratiyaya Türkiyə xalqı kimi sahib çıxan ikinci xalq varmı? Hər kəs əlini vicdanına qoyub, cavab versin. Beynəlxalq hüquq təşkilatları hərbi çevriliş zamanı şəhidləri, yaralananları, həyatını təhlükəyə qoyan Türkiyə prezidentini soruşmadı, xalqı bombalayanlarla necə davranıldığı barədə narahatlıqlarını bildirdilər”.

Türkiyəli nazirin sözlərinə görə, Türkiyə 15 iyul çevriliş cəhdi zamanı belə alçaq planların həyata keçirilməsinin mümkünsüzlüyünü bütün dünyaya göstərib:

“Bir neçə rəhbər şəxsi ələ keçirtməklə, Türkiyədə çevrilişin mümkün olmadığı ortaya çıxdı. Artıq çevriliş etmək istəyənlər gərək Türkiyə xalqının hər bir nümayəndəsini ələ alsın. Bundan sonra çevriliş mümkün olmayacaq. Mən Türkiyə mediasına da təşəkkür edirəm.

Eyni zamanda Türkiyənin sabiq prezidenti Turqut Özalı minnətdarlıqla anıram. Çünki məhz Turqut Özəl müqavimətlərə baxmayaraq, ölkədə özəl televiziya və radio kanallarının yaradılmasına nail olub. Keçən il 15 iyulda özəl media orqanları olmasaydı, bəlkə də hərbi çevriliş cəhdinin nəticəsi fərqli idi. Orduda hərbi çevriliş cəhdinə qarşı çıxanların da rolunu xüsusi qeyd etmək istəyirəm”.

Bozdağ daha sonra beynəlxalq təşkilatların ölkədə insan haqları və demokratiyanın pozulması, həbsxanalarda dözülməz şəraitin olduğu və məhbuslara işgəncə verilməsinə dair iddialarını rədd edib:

“Həmin beynəlxalq təşkilatların nümayəndələrini dəvət etdik. Onlar nə bu işgəncə iddialarını söyləyənlərin, nə də işgəncələrə məruz qalanların birinin də adını çəkmədilər. Dedilər ki, gizli çalışırıq. Dedik ki, yaxşı, Türkiyədə hansı həbsxanada, kimə işgəncə verilibsə, bir ad çəkin, gedib araşdıraq. Yenə də işgəncəyə məruz qaldığı iddia edilən bir nəfərin adı açıqlanmadı.

Biz beynəlxalq təşkilatların hər birinin bu sahədə araşdırma aparmasına dəstək verməyə hazırıq. Biz bu istiqamətdə ədalətsizliklə üz-üzəyik”.

Nazir onu da bildirdi ki,  çevriliş cəhdinə görə həbs edilən FETÖ-çulara öz cinayətlərini inkar etməklə bağlı təlimatlar verilib:

“Tankla insanlara atəş açır, üzərindən keçir, xalq tərəfindən o tankdan çıxarılır, bu gün məhkəmədə deyir ki, tankdakı o deyil. Yaxud Silahlı Qüvvələrin Baş Qərargahın insanlara atəş açdığını inkar edir, görüntü məhkəmədə təqdim edilir, deyir ki, əlindəki telefondur, silah deyil. Niyə belə edirlər? FETÖ liderinin təlimatı ilə belə edirlər, çünki FETÖ lideri hərbi çevriliş cəhdinin uğursuzluğundan sonra bunun nəzarətdə olan hərbi çevriliş cəhdi olduğunu bəyan edib.

Bu gün müxtəlif düşüncə mərkəzlərinə pulla saxta hesabatlar hazırlatdırır, sonra da bunu dünya ölkələrinin parlamentlərinə göndərirlər. Yalanları daha asan qəbul edirlər, ancaq biz həqiqəti çatdırmaqda çətinliklə üzləşirik. Mən parlamentdə olarkən binaya bomba atıldı. Bunu dünyaya çatdırmaqda çətinlik çəkirəm, bunu edən alçaq bomba atmadığını iddia edir. Bəzi ölkələrin kəşfiyyatları da bu yalan kampaniyasının təşkilində iştirak edir. Ona görə də biz hər kəsdən ədalətli olmasını istəyirik”.

Bütün bunları diqqətə çatdıran Bozdağ Avropa Parlamenti ilə AŞPA-nın Türkiyə üzrə məruzəçilərinin dəyişdirilməsinin zəruriliyini deyib:

“Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri hazırladıqları hesabatlarla Avropa parlamentarilərini aldadırlar. Türkyənin bir sıra şəhərlərində PKK terrorçuları xəndəklər qazdılar, işğal etdilər, silahla insanları nəzarətə aldılar. Türkiyə ordusu həmin şəhərləri azad etdi. Avropada hər hansı şəhərdə belə bir hal olsaydı, nə edərdilər?

Ancaq bu gün silahla atəş açarkən məhv edilən terrorçuları mülki şəxs kimi göstərirlər. Həmin əməliyyatlar zamanı bir mülki şəxsin də burnu qanamadı. Ancaq biz avropalı məruzəçiləri həqiqətə inandıra bilmirik, ancaq yalan söyləyənlərə inanırlar”.

Bozdağ deyib ki, ABŞ və Avropa üçün beynəlxalq terror şəbəkələri rəhbərlərinin mühafizə olunması nə dərəcədə narahatlıq doğurardısa, FETÖ lideri Fətullah Gülənin ABŞ-da saxlanılması da Türkiyə xalqında eynilə narahatlıq doğurur:

“Əgər ABŞ-da Ağ saray, Parlament, Pentaqon bombalansa, insanlar qətlə yetirilsə, həmin çevriliş cəhdinin lideri Türkiyədə olsaydı, bu, ABŞ-da hansı reaksiya doğurardı?

FETÖ lideri hazırda  ABŞ-da yaşayır, heç bir maneə olmamaqla terror təşkilatını idarə edir. Bir məqamı da qeyd etmək istəyirəm. FETÖ ABŞ, Almaniya, Fransa və digər ölkələr üçün də bir zaman təhdid olacaq. Biz bunu deyəndə həmin ölkələrin rəsmiləri  bizə dodaqaltı gülürlər. Ancaq təhlükənin səviyyəsini bilmirlər. FETÖ vəzifəlilərin, imkanlı şəxslərin övladlarını və istedadlı uşaqları məktəblərinə cəlb edir, FETÖ liderinə sadiq şəxslər kimi yetişdirirlər. FETÖ 40 ildən sonra Türkiyədə hərbi çevriliş cəhdinə cəsarət etdi.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təlimat zabiti FETÖ üzvü olub. O, deyir ki, hər gün Baş Qərargah rəisinin otağına səsyazan cihaz qoymuşam. Bu səs yazılarını nə edirlər? Xidmətində olduqları xarici kəşfiyyat qurumlarına təqdim etmək üçün bu səs yazıları lazımdır.  ABŞ və digər dövlətlərdə  FETÖ-nun yetişdirdikləri gənclər 20 ildən sonra həmin ölkələrdə də eyni əməlləri törədəcəklər. Bunu yaşayıb görəcəyik, o zaman biz türkləri dinləmədikləri üçün təəssüfləndiklərini bildirəcəklər”.

Yenicag.Az

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv