Belarusdakı kütləvi etirazların “LOKOMOTİV”i: Qərb, Rusiya, yoxsa xalq? – Keçmiş səfirin ŞƏRHİ

“Mən Belarusdakı etirazçıların kənardan idarə edilməsi iddiası ilə qətiyyən razı deyiləm”.

Bu fikriləri Yenicag.az-a açıqlamasında Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərindən sonra ölkəni bürüyən kütləvi etiraz hərəkatının kənardan təşkil və idarə edilməsi haqda iddialara münasibət bildirən Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyib.

Hikmət Hacızadənin sözlərinə görə, Belarusda davam edən etiraz akiyalarından yararlanmaq istəyən qüvvələr olsa da, hərəkatın kənardan idarə olunması haqda fikirlər əsassızdır:

“Mən Belarusdakı etirazçıların kənardan idarə edilməsi fikri ilə qətiyyən razı deyiləm. Bu, tamamilə yanlış düşüncədir. Etirazlar Belarus xalqının öz iradəsidir. Nümayişçilərin qaldırdıqları plakatlardakı yazılara, səsləndirdikləri şüarlara diqqət yetirsək, bunu aydın görərik.

O plakatlarda, əsasən, “Mən ləyaqətlə yaşamaq istəyirəm” məzmunlu şüarlar yazılıb. Onlar məhz “dürüstlük”, “düzgünlük” kimi sözlərlə seçki komissiyalarına, müəllimlərə müraciət edirlər. Belaruslar dürüstlük tələb edirlər, bizdəki kimi “bacarana can qurban”, – demirlər.

Onlar kütləvi saxtakarlıqla qarşılaşaraq, etiraza qalxıblar. Mən oradakı seçkilərdə müşahidəçi kimi iştirak etmişəm. Orada bəzi seçkilərdə Lukaşenko, həqiqətən də, qalib gəlmişdi, ona səs verirdilər. Xüsusilə də, sovet nostalgiyası ilə yaşaşayan yaşlı zümrə…

İndi isə hamı onun əleyhinə səs verdi. Bizim bəzi ekspertlər çox nahaq yerə hadisələrə kənardan müdaxilə axtarırlar. Ola bilsin ki, kənardan kimsə mitinqlərin nəticəsindən öz marağı üçün istifadə etmək istəsin, ancaq burada birbaşa müdaxilə yoxdur.

Xalq özü ayağa qalxıb. İnternet yox, telefon yox, onları kənardan necə idarə etmək olar? Yaşasın Belarus xalqı, xüsusilə də Belarus qadınları!”

Aqil Bəkir

COP29