!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Belə çıxır ki, Qurban Qurbanov xaindir?" - Bəhram Bağırzadə

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah qrup mərhələsinin ikinci matçında “Roma”nı qəbul edəcək.

Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı izləyənlər arasında Bəhram Bağırzadə də olacaq.

Dəvətlilər sırasında olan məşhur aktyor biletini almaq üçün bu gün Opera və Balet teatrının kassası önündə növbə gözləyənlər arasında idi.

Fürsətdən istifadə edib, suallarımızı ona ünvanladıq. “Neftçi” azarkeşi kimi tanınan Bəhram Bağırzadənin UEFA tərəfindən “ən yaxşı “Qarabağ” azarkeşi” kimi seçilməsi müzakirələrə səbəb olub axı…

Yenicag.az saytına müsahibə verən “Bakılı oğlan” bunda qeyri-adi heç nə olmadığını bildirib:

“Məndən başqa kim seçilməli idi ki? Əgər belə biri varsa, mən geri çəkilə bilərəm. Məgər mən erməniyəm? Damarımda azərbaycanlı qanı axır da. “Qarabağ”ı dəstəkləməyimdə qəbahət heç nə yoxdur. Komandamız avrokuboklarda çıxış edirsə, dəstək vermək də borcumuzdur. Bu, sabah “Qəbələ” də ola bilər, “Kəpəz” də və geri qayıtmasını çox istədiyim “Xəzər Lənkəran” da”. Vaxtı ilə Qurban Qurbanov “Neftçi”də çalışırdı, indi isə “Qarabağ”da. Belə çıxır ki, Qurban müəllim xaindir?”.

– Məsələ burasındadır ki, baş məşqçi ilə azarkeş arasında fərq çoxdur. Belə bir fikir var ki, azarkeş sadiq olmalıdır…

– Bilirsiz, yalnız dardüşüncəli adamlar belə fikirləşə bilərlər. Mən isə belə insan deyiləm. Dəvət ediblərsə, deməli, çağırılan yerə getməliyəm. Atam hər zaman deyirdi ki, dəvət olunan yerə getmək lazımdır.

– “Çelsi” – “Qarabağ” oyunu üçün Londona öz təşəbbüsünüzlə getmişdiniz, yoxsa Qurban Qurbanov dəvət etmişdi?

– Mən kiməm ki, öz təşəbbüsümlə gedəm? Londona məni Qurban Qurbanov dəvət etmişdi. mən də getmişdim. Yenə deyirəm, avrokuboklarda istənilən komandamızı dəstəkləməyə hazıram. Amma daxili çempionatda “Neftçi” azarkeşiyəm.

– “Neftçi” niyə acınacaqlı durumdadır?

– Mən bu barədə danışmaq istəmirəm. Klubun rəhbərliyi var, gedin onlardan soruşun. Bu, mənimlə bağlı məsələ deyil. Sizə Azərbaycanda KVN-in niyə inkişaf etmədiyindən danışa bilərəm.

– Əgər futbol sizlik məsələ deyildisə, “Neftçi”yə niyə getmişdiniz?

– Bax, yenə sualı düz vermirsiniz. Məni “Neftçi”yə niyə dəvət etmişdilər? Çünki ora PR menecer kimi getmişdim. İşim stadionlara azarkeşləri cəlb etmək idi.

– “Roma” ilə oyundan hansı nəticəni gözləyirsiz?

– Qələbəyə ümid edirəm. İnsan daima ümidlə yaşamalıdır. Ümidi olmayan insan ölmüş hesab olunur.

Emin Səfərov

www.yenicag.az

3101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv