Əməkdar artist, tanınmış aktrisa Sənubər İsgəndərlinin teatrların açılması ilə bağlı TƏBİB-ə çağırışı cavabsız qalmayıb.
Yenicag.az xəbər verir ki, bu çağırışdan sonra sözügedən qurumun mətbuat xidməti aktrisa ilə əlaqə saxlayıb. Operativ Qərargah isə hələ də susur. Bu barədə əməkdar artist özü açıqlama verib:
“TƏBİB-in mətbuat xidmətindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, biz sırf tibbi məsələlərlə məşğuluq. Qapanma və digər tədbirlər Operativ Qərargahın səlahiyyətindədir. Nə deyirəm?! Ümid edək ki, Operativ Qərargah səsimizi eşidib, teatrların açılması üçün qərar verər”.
Qeyd edək ki, əməkdar artist brifinq öncəsi TƏBİB-ə çağırış edib:
“Deyilənə görə, sabah brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb-maraqlanmadığını, teatrı sevib- sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə coxunun vaxtı, marağı yoxdur. Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, teatr sənətinin məhvi olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, zatən bu, mümkün də deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm ki, Operativ Qərargah bunu nəzərə alacaq”.
Cəvahir