11:48
Martın 2-də azadlığa çıxan bloqer Mehman Hüseynov mətbuat konfransı keçirib.
Yenicag.az xəbər verir ki, Hüseynov mətbuat konfransında azadlığa çıxması üçün ona dəstək olanlara təşəkkürünü bildirib:
“Azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Mən aclıq aksiyası keçirəndə onlar mənim yanımda olublar. Avropa Şurası, Amerika senatları, beynəlxalq təşkilatlara təşəkkür edirəm. Milli Şuraya mitinq təşkil etdiyi üçün minnətdaram. Həmin mitinqdə siyasətdən uzaq adamlar da var idi”.
Mehman Hüseynov bildirib ki, Ədliyyə məmuru Əli Abdalovla aralarında heç bir hadisə baş verməyib:
“İki il müddətində həbsdə baş verənlər barədə danışmaq istəmirəm. Bu müddət ərzində anamı itirmişəm. Anamı itirəndən sonra çökəcəyimi düşünürdüm. Amma gördüm ki, çox güclüyəm. Mübarizə apardım. Həbs müddətimin bitməsinə 2 ay qalmış mənə yeni sürpriz hazırlandı. Ümumiyyətlə, həmin hadisə baş verməyib. Ona görə də bu barədə sizə heç nə deyə bilmərəm. Məni cərimə təcridxanasına apardılar. Bildirdilər ki, ədliyyə işçisi xəstəxanadadır, ölür. Heç olmasa hadisəni süni şəkildə yaradıb, nəsə edərdilər. Amma belə hadisə olmayıb deyə, mənə çox pis təsir etdi. Mən də qərara aldım ki, sərt mübarizə aparım. Bildirdim ki, ölümcül aclıq aksiyasına başlayacam. Sudan belə imtina etmişdim. İk ay ərzində böyük proseslər getdi. Bu mübarizənin nəticəsidir ki, saxta cinayət işinə xitam verildi və bu gün azadlıqdayam”.
***
Mehman Hüseynov mətbuat konfransında Əli Abdalovla barışmasından da söz açıb:
“Mənim üzümə duran insanı bağışladım. Problem ondadır ki, Əli Abdalov bu məsələdə çox kiçik bir fiqur idi. Bu, Əlinin iradəsi ilə baş verən hadisə deyildi. Əli Abdalovu bağışladım ki, onun da ailəsi var. Onlar ictimai qınağa məruz qalıblar. Mən bildirmişdim ki, onun ailə üzvlərinin heç bir günahı yoxdur. Əlinin uşağı əziyyət çəkməməlidir. Mən özüm təklif etdim ki, video çəkirsizsə, bunu ictimaiyyətdən gizlətməyin. Mənə qarşı çox böyük tərbiyəsizlik etmişdi. Mən ağır durumda onun ailəsini fikirləşdim. Amma Əli vicdan əzabı çəkirdi”.
Emin Səfərov