Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” səhifəsində yazıb.
O qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı Ermənistana qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə işinin davam etdiriləcəyini təsdiqləyib.
Nazir müavini bildirir ki, məhkəmə, həmçinin Ermənistanın minaya düşənlər və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı iddiaları məhkəmənin yurisdiksiyasından kənarlaşdırmaq cəhdini rədd edib: “Ermənistanın mina kampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir”.
“Azərbaycanın Ermənistan tərəfindən qaldırılan iş üzrə ilkin etirazlarına gəldikdə isə məhkəmə Ermənistanın əsaslandırılmamış iddialarının faktlar və sübutlar baxımından təhlilini əsas müzakirə mərhələsinə saxlayıb. Azərbaycan əmindir ki, məhkəmə tərəfindən araşdırılacaq sübutlar beynəlxalq hüququn pozulmadığını göstərəcək”, – E.Məmmədov vurğulayıb.