Bərdə görüşündən GÖZLƏNTİLƏR: “Onlarla vaxtında əlaqə yaratmasaq, bunun qarşısını ala bilməyəcəyik”

“Planlanan görüşün keçirilməsi hər halda vacibdir. Çünki nə qədər onlarla əlaqəyə keçməmişik, separatçı rejimin İrana, Rusiyaya və digər ölkələrə yönəlməsinin qarşısını ala bilməyəcəyik”.
Bunu yaxın günlərdə separatçı rejimin “rəhbərliyi” ilə Azərbaycan tərəfi arasında Bərdədə keçirilməsi planlanan görüşdən sonra müşahidə ediləcək hadisələri şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, separatçı rejimin Azərbaycan tərəfi ilə Bərdədə görüş keçərəcəyi haqda məlumatlar yayılsa da, baş tutub-tutmayacağı ilə bağlı şübhələr mövcuddur:

“Bu günə qədər planlanan hər görüşdən əvvəl Qarabağ ermənilərinin müzakirələrdən imtina etdiyi müşahidə olunub. Bərdədə planlanan görüşün də gerçəkləşməsi sual atlındadır. Müzakirə baş tutacaqsa, görüşdən sonra müəyyən irəliləyiş olması ehtimalını gözləyirik. Ancaq rus sülhməramlılarının vasitəçiliyini nəzərə alsaq, irəliləyiş əldə olunmayacaq. Çünki Rusiya bütün gücü ilə prosesləri pozmağa çalışır. Bu səbəbdən həmin görüşdən ciddi nəticə gözləyə bilmərik.

Əlavə olaraq, separatçı rejimin nümayəndələrinə Xankəndiyə qayıtdıqdan sonra hansı təzyiqlərin ediləcəyi bilinmir. Bu amillərin hər biri bizim üçün diqqət etməli olduğumuz nüanslardır. Planlanan görüşün keçirilməsi hər halda vacibdir. Çünki nə qədər onlarla əlaqəyə keçməmişik, separatçı rejimin İrana, Rusiyaya və digər ölkələrə yönəlməsinin qarşısını ala bilməyəcəyik. Bunun isə ən yaxşı yolu onlarla əlaqəyə keçib, birbaşa bizə tabe etməkdir”.

Nəsimi Ələsgərli