Belə bir deyim var: “Suyun dəyəri quyu quruyunca aydın olar”. Bərdənin Becirəvan kəndinin sakinləri də artıq illərdir ki, bu deyimin acı həqiqətini hər gün hiss edir.
Məsələ burasındadır ki, kənddə illər öncə qazılan və 440-dan çox ailəni içməli su ilə təmin edən artezian quyuları quruyub. Bununla da sakinlər illərdir içməli suya həsrət qalıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, sözügedən kənd onların xidməti ərazisinə aid deyil.
Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, dövlət büdcəsindən vəsait ayrıldıqdan sonra Becirəvan kəndində subartezian quyusu qazılacaq.
Bərdədən seçilən millət vəkili Zahid Orucun sözlərinə görə, məsələdən xəbərdardır və problemin həlli üçün müvafiq qurumlara və Baş nazir Əli Əsədova müraciət edib.