Bərdədə ağac kəsən şəxs cəzalandı

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, araşdırma zamanı ağacların Bərdə rayonu Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

ETSN Bərdə əhalisinə müraciət edir ki, cərimə edilən bu şəxsin və digərlərinin meşələrdə ağaclara belə münasibət bəsləməsinə biganə qalmasınlar, həmkəndlilərini ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, qınasınlar ki qiymətli meşə sərvətimiz davamlı olaraq qorunsun.