Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Berdiməhəmmədovu Bakıya nə gətirdi, buradan nə aparacaq?

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfərinin ikitərəfli münasibətlərdəki bəzi anlaşılmazlıqları aradan qaldıracağı bildirilir.

Yenicag.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Bakıya səfərə gələn Türkimənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş keçirilib.

Azərbaycanla münasibətlərində müəyyən anlaşılmazlıqlara səbəb olan addımları ilə seçilən Türkmənistan liderinin Bakıya səfəri ikitərəfli əlaqələrin perspektivi baxımından, mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında cərəyan edən ciddi siyasi-iqtisadi proseslər fonunda baş tutan bu səfərin mümkün nəticələri olduqca maraqlı görünür. Prezidentlərin təkbətək görüş zamanı müzakirə etdikləri məsələləri konkretləşdirmək hələlik mümkün olmasa da, tərəflərin qarşılıqlı maraq doğuran vacib mövzuları ətraflı dəyərləndirdikləri şübhəsizdir.

Bununla belə, Berdiməhəmmədovun səfəri ilə bağlı əsas sual Türkmənistan prezidentinin Bakıya hansı “baqaj”la gəlməsi və buradan özü ilə nə aparacağıdır.

Politoloq Elşən Mustafayev Yenicag.Az-a açıqlamasında bildirib ki, Türkmənsitan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri tərəflər arasında bir sıra məsələlərə aydınlıq gətirməklə yanaşı, həm də məhsuldar keçib:
“Türkmənistan nə qədər qapalı ölkə olsa da, onun Azərbaycanla bir sıra iqtisadi məsələlərlə bağlı ortaq mövqedən çıxış etməsi mümkündür. Zaman-zaman Aşqabadla Bakı arasında müəyyən məsələlərdə ziddiyyət və anlaşılmazlıqlar olub. Ümumiyyətlə, Türkmənistan Azərbaycan üçün oturub müzakirə və danışıqlar aparılası bir dövlətdir.
Bilirsiniz ki, zaman-zaman Xəzər dənizinin statusu məsələsi gündəmə gəlir. Ancaq bu məsələdə hələlik Azərbaycanla Türkmənistan ortaq məxrəcə gələ bilməyiblər. Xəzərin indiki halda mövcud kriteriyalara uyğun bölünməsinə əsas etiraz edən dövlətlərdən biri məhz Türkmənistan olub. Lakin son zamanlar onun da bu istiqamətdə mövqeyinin müəyyən qədər dəyişdiyi müşahidə olunur.

Digər tərəfdən, Türkmənistanın Rusiyaya bağlılığı nə qədər güclü olsa da, Aşqabad müəyyən məqamlarda müstəqil siyasət yürütməyə çalışır. Aşqabadın bu cəhdləri isə bəzi hallarda Moskva ilə münasibətlərin soyumasına gətirib çıxarır.

Həmçinin, Türkmənistan qazının Azərbaycan ərazisindən keçməklə “Transxəzər” boru kəməri vasitəsilə Avropaya nəqli məsələsi də var ki, Moskva bu layihənin reallaşmasına qarşıdır. Bu və digər məqamları nəzərə alsaq, Türkmənistan prezidentinin Bakı səfəri çərçivəsində tərəflərin hər biri üçün böyük əhəmiyyət daşıyan kifayət qədər ciddi məsələlərin müzakirə edildiyi şübhə doğurmur.

Hər halda, iki ölkənin prezidentləri arasında görüş baş tutursa, deməli, onlar müzakirə olunacaq məsələlərlə bağlı öncədən müəyyən hazırlıqlar aparır. Yəni tərəflərin ümumi razılığa gələcəkləri məqamlar var. O məqamlar olmasaydı, dövlət başçılarının görüşü də baş tutmazdı.

Deyə bilmərəm, Bakı ilə Aşqabad konkret hansı məsələlərdə ortaq məxrəcə gəldi. Ancaq şübhəsiz ki, müəyyən anlaşmalar oldu. Yəni Türkmənistan prezidenti Bakıdan əliboş qayıtmadı”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

586