Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-nə təyin olunan referendumun təxirə salınması barədə beynəlxalq ictimaiyyətin tələblərinə münasibət bildirib.
Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, M. Bərzani “Amerikanın səsi”nə müsahibəsində geri addım atmayacaqlarını deyib: “Müstəqillik istəməklə hansı günaha yol veririk? ABŞ-ın mövqeyini dəyişdirmək üçün çox cəhd göstərdik. Onlara “gəlin, bu məqsədə necə çata biləcəyimizi müzakirə edək”, – dedik. Ancaq onlar “referendumu təxirə salın, sonra danışaq”, – deyirlər. Nəyi danışacağıq? Bizə hər hansı təminat verilmir. Bunu etmə, təxirə sal deyirlər. ABŞ 14 ildir eyni şeyi deyir. 1960-70-ci illərdə deyilik. Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik. Sonunda ölüm də olsa, buna hazırıq”.
M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: “Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”.
M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.