“Bərzani klanı Kərkük neftinin talanmasından 55 milyard dollar qazanıb” – Kürd müxalifətindən ittiham

Şimali İraqdakı kürd muxtariyyatının rəhbəri Məsud Bərzaninin Kərkük neftinin satışından 55 milyard gəlir götürdüyü iddia olunur.

Bu barədə Yenicag.ru-ya Bərzanininin siyasi rəqibləri məlumat veriblər. Onların sözlərinə görə, kürd Peşmərgəsinin 2012-ci ildə bölgədə 45 neft yatağını ələ keçirtməsindən sonra 2017-ci ilə qədər Bərzani neft satışından 55 milyard dollar qazanıb.

Müxaliflər bildiriblər ki, bu müddət ərzində Bərzani və ailəsi ilə yanaşı, onun yaxın çevrəsinə daxil olanlar da xeyli varlanıblar. Bununla belə, xalq əvvəl hansı problemlə üz-üzəydisə, indi də o vəziyyətdədir:

“Bərzaninin fəaliyyəti üzərində hər hansı nəzarət olmayıb. Onun Bağdadla yaxşı münasibətləri vardı, hətta çıxarılan neftin bir hissəsini onunla bölüşürdü, öz payına düşən nefti Türkiyə üzərindən sataraq, əldə etdiyi pulları Qərb ölkələrinin banklarına yerləşdirirdi.

Müstəqillik referendumu isə onun çox ciddi səhvi idi, bunun nəticəsində o, əlindəki hər şeyi itirdu. Artıq kürd muxtariyyəti özünün əsas gəlir mənbəyini – Kərkük neft mədənlərini itirib, 5 il ərzində neft satışından gələn pullar isə Bərzani klanının bank hesablarına yatırılıb. Həmin 55 milyard dollar bu region və kürd muxtariyyəti üçün olduqca böyük puldur.

Ancaq Bərzani klanı o pulları mənimsəyib və xalqa aid olan bu vəsaitlərin hara sərf olunduğuna dair hesabat vermək istəmir. Referendumun nəticələrini tanımayan region ölkələrinin tətbiq etdiyi embarqodan sonra muxtariyyətin iqtisadiyyatında ciddi eniş hiss olunmaqdadır.

Büdcə təşkilatlarında işləyənlər artıq ikinci aydır ki, maaşlarını ala bilmirlər, Peşmərgə qüvvələrinin büdcəsi də azaldılıb. Ancaq Bərzani həmin 55 milyardı xərcləmək istəmir. Əvəzində isə çətin vəziyyətdə aradan çıxan ABŞ İsraildən kredit gözləyir.

Əgər Bərzani klanı Bağdadla münasibətləri normallaşdırmasa və o 55 milyardı bölgənin iqtisadiyyatına yatırtmasa, onu çox pis sürprizlər gözləyir.

Kürd xalqı Bərzaniyə çox ümid bəsləyirdi, o isə ancaq öz klanının qeydinə qalır”.

Xatırladaq ki, Bağdadın və qonşu ölkələrin mənfi münasibətindən sonra Bərzani referendumun nəticələrini dondurmağa, o cümlədən İraqın parçalanmasına qarşı çıxan Türkiyə və İranla danışıqlara hazır olduğunu bəyan edib. Lakin Ankara və Tehran Bərzani ilə danışıqlardan qəti surətdə imtina edərək, Bağdadın başı üzərindən Ərbillə təmasa girməyəcəklərini bildiriblər.

COP29