“Beşbarmaq dağı” Qoruğunda göstəriləcək XİDMƏTLƏR

Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təqdim edilməsi nəzərdə tutulan xidmətləri açıqlayıb.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Trend-ə bildirib ki, Azərbaycan Prezidentinin 8 iyun 2020-ci il tarixli Sərəncamına əsasən Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Sərəncama əsasən qoruğun idarə edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə tapşırılıb:

“”Beşbarmaq dağı” ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir. Hər il bu ərazini on minlərlə yerli və xarici turist ziyarət edir. Dövlət Turizm Agentliyinin həyata keçirdiyi sahə tədqiqatları və müşahidələrindən ortaya çıxan nəticələr göstərir ki, ərazi dini-mənəvi destinasiya olmaqla yanaşı həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir. “Beşbarmaq dağı” təbiət abidəsinin ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc, ilk dəmir dövrünə aid yaşayış yeri, Azərbaycan xalqı tərəfindən müqəddəs bilinən Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid Karvansaray qalıqları, müdafiə səddi) mövcuddur”.

K.Quluzadə bildirib ki, Azərbaycanın əsas turizm koridorlarından biri hesab edilən şimal xətti üzrə Bakı və ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşən Beşbarmaq ərazisi turizm axınının əsas ziyarət mərkəzlərindən biridir. Turistlər tərəfindən maraqla qarşılanan potensial turizm nümayiş obyektləri sırasında olduğunu nəzərə alaraq Beşbarmaq ətrafında abidə qoruğunun təşkil edilməsi, müasir turizm infrastrukturunun yaradılması zərurəti yaranmışdır. Bu infrastrukturun yaradılması “Beşbarmaq dağı” və ətraf ərazilərdə yerləşən tarixi-mədəni irs nümunələri haqqında ictimai maarifləndirmənin artmasına və təbii irs kimi onların təbliğinə, qorunmasına şərait yaradacaq. Yaradılan yeni qoruq idarəsi və turizm infrastrukturu turist məmnunluğunu artırmaqla yanaşı yerli əhali, xüsusi ilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerlərinin açılmasına imkan verəcək.

K.Quluzadə əlavə edib ki, qeyd olunan yeni qoruq idarəsinin tərkib hissəsi kimi ziyarətçilərə müxtəlif xidmətlər təklif edəcək iaşə və əyləncə obyektləri fəaliyyət göstərəcək. Bu da öz növbəsində qanunla müəyyən edilmiş qaydada mövcud resurslardan, xüsusi ilə turizm imkanlarından istifadə edərək gəlir əldə etmək potensialı yaradacaq. Əldə olunan gəlirlər mədəni irsin qorunmasına yönəldiləcək.

Agentlik rəsmisi deyib ki, Beşbarmaq dağından piyada gəzinti yolları ilə turistlərə ətrafda yerləşən palçıq vulkanlarına və nadir landşafta sahib Xızı rayonuna (Altıağaca) doğru piyada gəzintilər və safari turlarının təklif edilməsi nəzərdə tutulur..

K.Quluzadə qeyd edib ki, Beşbarmaq ərazisi köçəri quşların müşahidəsi adlı turizm fəaliyyəti üçün dünyada çox nadir hallarda rast gəlinən ərazilərdən biridir. Belə ki, hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba doğru köç edir. Ona görə də Beşbarmaq ərazisində dünyada populyarlıq qazanan “Quş Müşahidəsi” turizminin inkişaf etdiriməsi planlaşdırılır:

“Beşbarmaq dağı və ətrafı ziyarətçilər tərəfindən müqəddəs hesab edilən bir məkandır və yüz minlərlə şəxs bu ərazini ziyarət edir, qurban kəsir və nəzir verir. Bu mənada Türkiyə, İran, Yaxın Şərq və digər müsəlman ölkələrindən Azərbaycana gələn ziyarətçilər üçün ölkədəki dini turizm potensialının inkişaf etdirilməsi, eləcə də qayaya dırmanma, atçılıq, hipoterapiya və s. turizm məhsullarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Əldə olunan gəlirlər həmin turizm nümayiş obyektinin saxlanılmasına və fəaliyyətinin tənzimlənməsinə yönəldiləcək. İlk öncə dövlət büdcəsindən ayrılan investisiyalar nəticəsində onlar yenidən qurulacaq və istifadəyə veriləcək. Turizmin inkişafı üçün şərait yaradılandan sonra həmin obyektdə turizm məhsulları yaradılacaq, o əsas turizm marşurutlarına salınacaq və turizm sənayesi nümayəndələri ora cəlb ediləcək. Turizmin inkişafı nəticəsində gəlirlər artacaq və bu gəlirlər dolayısı ilə təbii irsimizin qorunmasına sərf ediləcək”.