Bəşər Əsəd Suriyadan BELƏ QAÇDI – DETALLAR

 

Suriyada prezident Bəşər Əsədin devrilməsi ilə bağlı son saatlara dair detallar açıqlanıb.

Yenicag.az “Reuters”ə istinadla xəbər verir ki, Əsəd 7 dekabr şənbə günü Moskvanın hərbi dəstəyinin gələcəyinə dair vədlərlə 30-a yaxın hərbi və təhlükəsizlik rəisi ilə görüş keçirib və quru qoşunlarına müqaviməti davam etdirməyi tapşırıb. Lakin o, qaçış planlarını gizli saxlayıb və hətta yaxın qardaşı, elit 4-cü Zirehli Diviziyanın komandiri Mahir Əsədə belə məlumat verməyib.

Əsədin köməkçilərindən birinin verdiyi məlumata əsasən, o, şənbə günü Prezident Aparatının rəhbərinə işini tamamlayaraq evə getdiyini bildirib, lakin, əslində, hava limanına yola düşüb. O, həmçinin media üzrə müşaviri Buthaina Şaabanı çıxış hazırlamaq üçün evinə dəvət edib. Lakin Şaaban evə çatanda heç kimin orada olmadığını görüb.

Üç keçmiş köməkçi və yüksək vəzifəli məmurun sözlərinə görə, Əsədin həyat yoldaşı Əsma Əsəd və üç uşağı artıq Moskvaya gedib və onu orada gözləyirdi. Prezident isə Suriya ərazisini tələsik tərk edib. Əsədin evindən çəkilən videolar tələsik çıxışın izlərini göstərir: ailə albomları atılmış vəziyyətdə, sobada isə bişmiş yeməklər qalıb. Bu detallar onun qaçış planlarının nə qədər ani və tələsik həyata keçirildiyini göstərir.

Rafi Müslümov