Bəşər Əsəd Suriyanı tərk etməsindən DANIŞDI

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hakimiyyətin “terrorçular” tərəfindən ələ keçirilməsindən sonra ölkədə prezidentin qalmasının qeyri-mümkün və mənasız olduğunu deyib.

Yenicag.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdəki səhifəsində yazıb.

O qeyd edib ki, onun Rusiyaya təxliyəsindən əvvəl ordunun dağılması və dövlət qurumlarının iflic olması baş verib.

Dekabrın 8-nə keçən gecə müxalif qruplar Dəməşqi ələ keçiriblər. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Kreml bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədə sığınacaq verməyə şəxsən qərar verib.