“Bəşər Əsədin Rusiyanın diqtəsi ilə hərəkət etdiyini nəzərə alsaq….” – ŞƏRH

“Türkiyənin Suriyadakı növbəti uğurlu əməliyyatının Rusiya üçün doğuracağı nəticələri Moskvada anlayırlar”.

Bu fikirləri Türkiyənin Suriyanın şimalında planlaşdırdığı yeni əməliyyat ərəfəsində kürd terrorçuları ilə Bəşər Əsəd rejiminin eyni cəbhədə dayanmaq ehtimalını dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, ən yaxın vaxtlara qədər düşmən mövqedə dayanan bu tərəflərin indi əməkdaşlıqdan danışmasında Rusiyanın dəst-xətti açıq görünür:

“Bildiyiniz kimi, “Ərəb baharı” dalğasında Suriyada 2011-ci ildə məlum proseslər başlayandan bu günə kimi Bəşər Əsəd rejimini birmənalı dəstəkləyən ölkələr Rusiya ilə İrandır. O baxımdan, indi Əsədlə bağlı hər hansı plan hazırlanırsa, onun arxasında Rusiyanın dayandığı şübhəsizdir.

Təbii ki, Türkiyənin Suriyanın şimalında yeni əməliyyat keçirəcəyini bəyan etməsi həmin ölkədəki bütün tərəfləri ciddi şəkildə silkələyib. Çünki bilirlər ki, Türkiyənin başlayacağı yeni əməliyyatın məqsədlərinə nail olunacaq və Ankaranın nəzərdə tutduğu təhlükəsizlik zolağı yaradılacaq. Həmçinin qaçqınların müəyyən hissəsi öz evlərinə qayıdacaq.

Amma, təəssüf ki, belə bir gedişat nə ABŞ-nin, nə də Rusiyanın maraqlarına daxildir. Hər halda, onların Suriyadakı mövcudluğu qeyri-sabitliyə bağlıdır. Yəni vəziyyətin düzəlməsi o ölkələrin Suriyadan çıxmaları zərurətini doğurur. Bu səbəbdən kürd qrupları ilə Əsəd rejimini Türkiyəyə qarşı eyni cəbhəyə gətirmək istəyirlər.

Türkiyənin Suriyadakı növbəti uğurlu əməliyyatının Rusiya üçün doğuracağı nəticələri Moskvada anlayırlar. Ona görə də Əsədin ABŞ-nin nəzarətində olan kürd qruplaşmaları ilə əməkdaşlığına Rusiya da bir söz demir. Ancaq hesab edirəm ki, Türkiyənin Suriyanın şimalında keçirəcəyi əməliyyatın uğurla nəticələnəcəyi şübhəsizdir”.

A.Zeynalov