Reklam

Reklam

Onu illərdir tanıyıram. Uzaqdan kiməsə özündənrazı, təkəbbürlü kimi görünə bilər. Amma mən onun – səhnəmizin Natavanının içindəki uşağı sevirəm. Yəqin bu səbəbdəndir ki, söhbətimiz tutur.

Yenə bəlli ünvan, yenə sevimli sima… Bəsti Cəfərova qrim otağındadır. Məni görən kimi şaqraq səsi otağı bürüdü: “Ay qız, hardasan, gəl çıx da…”. Həmişəki kimi şux, həyatdolu idi. Sonra nə dedik, nə danışdıq siz də şahidi olacaqsınız. Çünki çoxdan bəri mediadan uzaq gəzən aktrisa nəinki sənəti, hətta həyatı ilə bağlı ən məhrəm sirləri də Yeniçağ.az saytının oxucularına danışdı.

– Çoxdandı görüşmürük. Necəsən?

– Çox yaxşıyam, hüzurluyam. Elə bil üstümdən dağ götürülüb. Öhdəmdə olan işləri görüb bitirdim, müdafiə etdim, professor adını aldım, kitab yazdım.

– Bütün bu işləri görərkən də mətbuatdan uzaq gəzdin.

– Uman yerdən küsərlər. Mənim uğurlarım kimlərəsə mane olur deyəsən. Adam əziyyət çəkir ki, dostları sevinəcək. Amma onlar elə əleyhimə qalxdılar ki, şoka düşdüm. Dedilər, görəsən Bəsti Cəfərova öz adını yaza bilir ki, hələ kitab da çap etdirir? Çox ürəkbulandıran sözlər eşitdim.

– Səncə, biz niyə belə paxılıq?

– Bilmirəm. Əgər söhbət məndən gedirsə, heç vaxt heç kimə acıq verməmişəm. Axı mən bu sənətə kiməsə acıq verməyə görə gəlməmişəm. Mən teatrı sevirəm. Gələn il səhnə fəaliyyətimin 40 illiyidir. Bu fəaliyyətimdə də 3 mərhələ keçdim. Hamısı da müvəffəqiyyətli oldu. Hərənin bir missiyası var da… İndi mən günahkaram ki, yaradıcılığım uğurlu olub?

– Bilmirəm niyə, amma uğursuzlar şanslı insanları həmişə qınayırlar…

– Qınamaq yumşaq sözdür, dəhşətli dərəcədə kin bəsləyirlər. Başa düşmürlər ki, onsuz da sən danışdın da, danışmadın da… mən artıq bunu elədim. Mən Afətimi də oynadım, Natavanımı da, Fedramı da… Mənim müvəffəqiyyətim işgüzarlığımla bağlıdır. Allahın mənə verdiyi istedad, səhnə görünüşüdü. İndi mən sənətimdə uğurlu insanam deyə, günahkaram? Mən ümumiyyətlə, ah-vayı sevən adam deyiləm. Allah nə qismət edibsə, odur. Hərdən mənə deyirlər ki, Bəsti xanım, kino sizin yaralı yerinizdir. Heç də yox.

– Elə kinodan söz düşmüşkən, Bəsti Cəfərovanı niyə seriallarda görmürük?

– Sağ olsunlar, məni dəvət ediblər. Hətta bu yaxınlarda bir filmə dəvət aldım. Amma imtina etdim. Dedim ki, bundan sonra nə filmlərə, nə də seriala çəkilməyəcəm.

– İncikliyinin səbəbi nədir?

– (pafosla) İncik deyiləm… Sadəcə, istəmirəm. Bilirsən, necədi? Mən cəmi bir filmə çəkilmişəm. Yəni mən Bəsti Cəfərova üçün Azərbaycan kinosunda rol tapılmadı? Ekranda mənim cavanlığım qalmadı. Yaxşı ki, televiziya var. Və yaxşı ki, mənim teatr tamaşalarımın əksəriyyəti yazılıb. Düzdür, o tamaşalar da çox olmayıb, çünki əksəriyyətindən imtina etmişəm. İmtina bilirsən niyə var? Ona görə yox ki, mən özümü hamıdan artıq bilirəm, yox. O bir məsəl var ey, yeddisində necəsən, yetmişində də eləsən. Elə yaradıcılığımın əvvəllində də bir çox rejissorlar məndən incidi. Amma material mənim xoşuma gəlmirsə, ona niyə vaxtımı sərf etməliyəm?

– Kitab yazmaq, elmi dərəcə almaq zaman, vaxt tələb edən məsələlərdir. Bu, teatrdakı boşluqdan qaynaqlanmırdı ki?

– Yox, yox… qətiyyən. Mən heç bir mərhələdə rola tamarzı qalmamışam. Çox gözəl rollar oynamışam. Demək, 2012-ci ildə “Xanuma”nı, 2013-də isə “Kuraş və uşaqları” tamaşasını oynadım. Təəssüf ki, o tamaşa çox az getdi. Etiraf edim ki, o rol üçün darıxıram. 2014-də isə “Nazirin xanımı” tamaşasını oynadım. Hazırda teatrda “Qılınc və Qələm” əsərində Qətibə İnanc obrazı üzərində məşqlər gedir, inşallah tezliklə, premyeradır. Və tamaşaçıların da bəyənəcəyinə əminəm.

– Teatrda indiyə qədər neçə direktorla çalışmışan?

– Deyim də bu dəqiqə: demək, Əli İsmayılov, Həsənağa Turabov, Əliabbas Qədirov, Maqbet Bünyadov, İsrafil İsrafilov və Azərpaşa Nemətov…

– Hansı dövr üçün darıxırsan?

– Əlbəttə teatra gəldiyim dövr üçün – Əli İsmayılovun zamanı üçün darıxıram. Deyim ki, sadaladığım bütün bu insanlarla çox gözəl münasibətim olub, onlar mənim dəyərimi verib. Mən hörmət üçün heç kimlə dava etməmişəm. Çünki bu teatra gəldiyim gündən işgüzar aktrisa olmuşam. Səhlənkarlıq etməmişəm, nizam-intizamlı olmuşam. O dövrdə çox gözəl yaradıcı atmosfer, nəhəng sənətkarlar vardı, mən onlar üçün darıxıram. Onda elə aktyorlar vardı ki, mən onlardan öyrənirdim.

– Amma indi öyrənmək istəyən yoxdur, hamı anadangəlmə alimdir.

– İndi gələnlər heç öyrənə də bilməzlər. Təəssüflər olsun… Ona təəssüflər olsun ki, bu gün institutda çox istedadlı, savadlı uşaqlar var, amma onlar gəlib teatra çıxa bilmirlər.

– Niyə?

– Çünki bizim ştatımız doludur. Əvvəllər bizi dəvət edirdilər. Məni teatra dəvət edəndə III kurs tələbəsi idim. Artıq burada rollar da oynayırdım, pulumu da alırdım. Düzdür, çox az məbləğ idi. Amma məninçün dünya idi. Kaş sən biləsən ki, mən teatrı nə qədər sevirəm. Düz 40 ildir ki, səhnədəyəm, inan, bu illər nə vaxt gəlib keçdi, bilmədim. Bir onu bilirəm ki, səhnəsiz yaşaya bilmərəm.

– İçindəki Bəsti neçə yaşındadı?

– (eyhamla qaşlarını qaldırır) Bir bilsəm…. Mənim içimdəki o sevgi hələ tükənməyib ki…

– Bax, illər keçir, biz yaşa doluruq. Zamanın səni qarət etdiyini nə zaman hiss etdin?

– Olar, mən bu suala cavab verməyim? ( səsi titrəyir)

– Niyə?

– Çünki danışsam ağlayacam. (kövrəlir) Anam öləndə… Mənim elə gözəl anam vardı ki… Çox mükəmməl, müdrik insan idi. O, rəhmətə gedəndə mənim 52 yaşım vardı. Və siz yaxşı ki, bilirsiz ki, mən bu dünyada həmişə təkbaşına mübarizə aparmışam. Yəni mənim kimi adam yenə anamdan çəkinirdim. Mən onun yanında hələ də uşaq idim. Hər gün zəng edib soruşurdu: qapını yaxşı örtmüsən? Qazı bağlamısan? Sən inanırsan, mən bir şeyi başa düşdüm ki, valideynlər ölmür. Onlar həmişə övladlarının qəlbindədirlər. Söhbəti elə qəribə məcraya çevirdin ki… Sənə bir şeyi danışacam. Demək, atam rəhmətə gedəndə mənim 18 yaşım vardı. Atam dedi ki, Bəstiyə qəşəng bir ad günü keçirəcəm. Dedim, papa lazım deyil. Dedi yox, mən sənə öz əllərimlə kabab bişirəcəm, bəlkə bir gün mən olmadım, qoy arzum ürəyimdə qalmasın. Atam təzə xəstəxanadan çıxmışdı. Əziyyət vermək istəmirdim ona. 1977-ci ilin iyun ayının 13-ü idi, atam hamını çağırdı, qəşəng bir qonaqlıq verdi. Düz 15 gün sonra sanatoriyaya getdi və ordaca dünyasını dəyişdi. Və mən ondan sonra heç vaxt özümə ad günü keçirtmədim.

– Deyəsən, şəxsi həyatın barədə çox az danışırsan…

– (gözləri yol çəkir) Sənə danışacam amma… Mənim anamın çox ağır həyatı olub. Bu barədə qızıma çox danışmışam. Qızım Fidan rejissordur axı. Ona deyirəm ki, sənin ən yaxşı işin nənən haqqında çəkəcəyin film olacaq. Çox faciəli həyat yaşayıb. Nənəm Türkmənistanda yaşayan iranlılardan olub. Əsilləri Ərdəbildən imiş… Anam danışırdı ki, çox imkanlı imişlər. Deyirdi ki, mənim atamın bir küp qızılı vardı, divara hördülər. Sonra atamı bir gecənin içində “kulak” edib apardılar. Biz də qaldıq küçələrdə. Sonra nənəm anamı da götürüb gəliblər Bakıya. Onlar bu şəhərdə həyatlarının ən ağır günlərini yaşayıblar. Anam həmişə deyərdi ki, pula bel bağlamayın, tamahkar olmayın. Deyirdi, bizim hər şeyimiz vardı, bir dəqiqənin içində yoxa çıxdı. Anam can sağlığını həyatda ən böyük nemət hesab edirdi. O, 80 yaşında belə bütün həyat nağılını dəqiqliklə xatırlayır, anasından danışıb elə acı-acı ağlayardı ki… Mən onda təəccüblənirdim ki, adam da 80 yaşında anası üçün ağlayar? Amma indi görürəm ki, analar heç vaxt ölmür.

– Danışırsan, nədənsə, mənə elə gəlir ki, sən də hardasa nənənin taleyini yaşamısan. Onun kimi əziyyətli, çətin bir ömür keçmisən. Öz ayaqları üzərində özü duran Bəsti ər çörəyinin dadını bildimi?

– Qətiyyən. Mən o illəri heç hesaba almıram. Ana olanda 36 yaşım vardı. Qızıma həm ata olmuşam, həm ana. Bütün mərhələlərdən özüm keçmişəm: evimin təmirindən tutmuş, avadanlıqlarına qədər…. hər şeyi özüm etmişəm. Hələ nəzərə alsaq ki, mən üzdə olan, tanınan aktrisayam, mənim üçün çox çətin idi. Uşaqlıqdan belə böyüdüm ey… Evin üçüncü qızıydım, amma elə bil böyük mən idim. Anam deyirdi, mən bilirəm ki, ömür boyu hər şeyi sənin üstünə atacaqlar. Anam məni çox qoruyurdu. Çünki bacılarıma nisbətən mən bir az zəif olmuşam, mənə əsəbiləşmək olmazdı. Hirslənən kimi ürəyim gedirdi. Ona görə də anam məni qoruyurdu. Ailə içində nəsə olanda hamıya tapşırırdı ki, Bəstiyə deməyin, pis olar.

– Amma Sitarə ananın qoruduğu qızcığazı həyat o qədər mətin etdi ki…

– Hə… Həyat məni “döydükcə”, mən bərkidim. Yəqin ona görədir ki, səhnədə də ən çətin, ağır rolların öhdəsindən gəlməyə çalışıram. Çünki həyatda o qədər çətinliklər gördüm ki, səhnədəki kiçik rollar mənə bəsit göründü.

– Heç yadımdan çıxmaz, bir dəfə mənə dedin ki, əgər onda teatrda bilsəydilər ki, mən hamiləyəm, uşağımı öldürərdilər.

– Hə. Yəni məni əsəbiləşdirib, o həddə çatdırardılar ki, övladım tələf olardı. Bax, illər sonra bir daha yəqin edirəm ki, sən demə, mən onda çox düz proqnoz vermişəm. Adi bir uşaq tamaşası qoydum, professor adı aldım, aləm dəydi bir-birinə… Gör hələ onda bilsəydilər ki, mən hamiləyəm nələr edərdilər.
Mən güclü kişiyə rast gəlmədim

– Həyatın qovğalarına sinə gərən ana, aktrisa və ən ümdəsi QADIN… Gecələr soyuq yerinə uzananda Allahdan özün üçün nə istədin?

– Desəm, heç nə, inanarsan? Bir onu istədim ki, Allahım mənə cansağlığı ver, balamı boya-başa çatdırım. O ki, qaldı yerimin soyuqluğuna, min şükür, balam həmişə qoynumda olub, yerim ona görə həmişə isti idi. Bir də çox xoşbəxtəm ki, mənim həyatımda teatr olub. Vallah, səmimi sözümdür. Mən bunu söz naminə, ay nə bilim, özümü sındırmamaq üçün demirəm, qətiyyən. Bəlkə də bu cür düşüncəm ondan irəli gəlir ki, mən həmişə həyatımla barışan insan olmuşam. Sənin sualının eyhamını anlayıram. Bax, oturmuşuq da qadın-qadına söhbət edirik: sənə bir şey deyəcəm, mən qismətə, alın yazısına inanan biriyəm. Qismətimdə varsa, hərlənib-fırlanıb gələcək. Əgər indiyədək fırlanıb gəlmədisə, demək, qismətimdə yoxdur.

– Bəlkə o yazıq QİSMƏT, kandarda boynubükük durub, sən qapı açmırsan?

– (tərəddüdlə) Demirəm olmayıb, olub. Amma bilirsən, mən çox məsuliyyətli insanam. Əgər mən dünyaya uşaq gətirmişəmsə, onun da məsuliyyətini bilirəm. Heç vaxt da istəməzdim ki, mənim evimdə övladıma doğma olmayan bir insan gəzsin. Qız uşağı böyüdürdüm mən…(pıçıltıya keçir) heç oğlan da olsaydı, evimə yad adam gətirməzdim. Nə mənası vardı axı? Nə var, nə var, o adam mənim evimin təmirinə baxacaq, ya da bazarlığımı edəcək? Eybi yoxdur, mən o işləri özüm görərəm, təki mənim qızımın rahatlığı pozulmasın.

– Məgər kişi evdə təkcə bazarlıq üçündür? Bəs mənəvi dost, həmdəm, dərd ortağı… bunlar harda qaldı?

– Mənim bir devizim var: olur yaxşısı olsun, olmursa da heç olmasın – orta hədd yoxdur. Mənimçün əsl kişi obrazı bilirsən necədir? Əvvəla çox surətpərəstəm. Elə indinin özündə də…. sevirəm də gözəl insanı. Mənim sevdiyim şəxs həm yaraşıqlı olmalıydı, həm ağıllı, məsuliyyətli, həm də kişi kimi olmalıydı. Çünki mən zəif qadın deyiləm və mənim yanımdakı kişi məndən güclü olmalıydı. Təəssüflər olsun ki, səhnədə də, həyatda da eyni obrazı yaşadım: güclü qadın obrazını. Qarşıma çıxan kişilərin hamısı məndən gücsüz oldu.

– Niyə bəs keçmiş zamanda danışırsan? Həyatın işini bilmək olmaz…

– Bu barədə danışmaq nədir, düşünmək belə ayıbdır. Ərə gedəsi qızım var mənim. O Ağadadaş Ağayevin qəşəng bir mahnısı var ey “artıq gecdir, gecdir daha… “…

– Həyatından kitab yazsan, adını nə qoyarsan?

– Mən ən yaxşı rollarımı oynadım. Kitab yazdım, professor adını qazandım. Allaha şükür, plastikam da yerindədir, cazibəm də… Bundan sonra da neçə-neçə obrazlar yaradacam. Amma ömür vəfa eləsə, memuarlar yazmaq fikrim var. Adını isə hələ düşünməmişəm.

– Adını mən tapdım artıq…

-(heyrətlə) Nə?

– Tənha çinarın nağılı….

Zakirə Zakirqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 604
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."