!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxti bağlanan, yerində sayan, üstündə bayquşlar ulayan AZƏRBAYCAN KİNOSU - ARAŞDIRMA

!Reklam – Yazi

Azərbaycan xalqının tarixi və milli-mədəni irsini özündə əks etdirən yüksəksəviyyəli filmlər istehsal olunmalı, milli kino sənətini dünyada layiqincə təbliğ və təmsil etmək imkanları genişləndirilməlidir. Bu məqsəd və məram Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda da öz əksini tapıb. Amma gəlin görək, buna nail ola bilmişikmi? Düzdür, barmaqla sayılacaq qədər az filmlərimiz var ki, sorağı beynəlxalq festivallardan gəlir. Məsələn, Asif Rüstəmovun “Axınla aşağı” filmi 49-cu Karlovıye Varı, Elçin Musaoğlunun “Nabat”, “40-cı qapı” filmləri Venesiya və digər nüfuzlu festivallarda iştirak edib. Amma bütövlükdə götürəndə etiraf edək ki, Azərbaycan kinosu yerində sayır. Hələ də dünya bazarının həndəvərində belə dolana bilmirik. İl ərzində dövlətin maliyyəsi hesabına filmlər çəkilir. Uzaqbaşı bir dəfə təmtəraqlı təqdimat mərasimində, bir-iki dəfə də televiziyada nümayiş olunur. Sonra atılır arxivə. Tamaşaçının o filmdən heç xəbəri də olmur. Hətta bəzən həmin filmlər elə səviyyədə çəkilir ki, heç adam arasına çıxarılası da olmur. Hərdən Berlin, Kann, Venesiya və digər nüfuzlu beynəlxalq festivallara baxanda milli kinomuz adına utanc hissi keçirirəm. Axı niyə biz də o festivallara qatılıb, bir dəfə də olsun “Qızıl ayı”, “Qızıl şir” və “Qızıl palma” budağını Azərbaycana gətirə bilməyək? Hələ “Oskar”dan danışmıram, qardaş. Yəqin ki, məni qınayacaqsınız. Amma həqiqət acı olur axı. Necə ki, kinomuzda səmimi ola bilmirik, eləcə də problemlərimizi səmimiyyətlə etiraf etmək qabiliyyətimiz çox-çox zəifdir. Bir ucdan çəkirik, amma elə öz qazanımızda da qaynayırıq. Niyə dünya kino bazarında özümüzə yer edə bilmirik, kinomuz niyə yerində sayır? Bunu araşdırmağa çalışacağıq, elə bu sahənin adamları ilə birgə…

“Özümüzü biabır etməkdənsə, çəkməməliyik”

Xalq artisti, tanınmış aktyor Rasim Balayev hesab edir ki, Azərbaycanda ən yaxşı filmlər sovetin vaxtında çəkilib, amma bu gün çəkə bilmirlər:

“Mən hesab edirəm ki, zəif film çəkib, özümüzü biabır etməkdənsə, çəkməməliyik. Gözləməliyik, kino çəkə bilən yeni nəsil yetişməlidir. Küveyt kimi varlı bir ölkədə kino istehsalı yoxdur, ona görə ki, çəkə bilmirlər. Bizdə bacardı, bacarmadı, hamı film çəkir. Hələ sovetin vaxtında İngiltərədə festivalda iştirak edirdim. Gürcüstan filmləri də həmin festivala qatılmışdı. Mən gürcü rejissorlarından soruşdum ki, niyə Şoto Rustavelli haqqında bir film çəkmirsiniz? Onlar mənə dedilər ki, Rustavelli haqqında möhtəşəm film çəkilməlidir, hələ biz o səviyyədə deyilik, zəif film çəkib, onu biabır edə bilmərik. Təsəvvür edin bu sözü dünya festivalına qatılan məşhur rejissor deyirdi. Görün gürcülər bu işə nə qədər məsuliyyətlə yanaşırlar. Bizdə isə dövlət kino üçün nə qədər pullar xərcləyir, amma hamısını havaya sovururlar. Çəkirlər, bir dəfə premyerada göstərirlər, uzaqbaşı bir dəfə də televiziyada, vəssalam. Bununla da həmin filmin kitabı bağlanır. Atılır “polkaya””. “Özümüz çalıb, özümüz də oynayırıq”.

Nəinki Azərbaycanda, İranda da dəfələrlə filmlərə çəkilən aktrisa, Əməkdar artist Xalidə Quliyevanın da öz yanaşması var:

“Berqmanın filmləri ilə müqayisədə fərq yerlə-göy qədərdir. Böyük miqyasda fikirləşəndə bizim filmlərdə sənətdən söhbət gedə bilməz. Özümüz çalıb, özümüz də oynayırıq. Mənəviyyatımız, milli dəyərlərimiz haqqında filmlər çəkməliyik. İran filmləri dünyada məşhurdur. Ona görə ki, küçələrini, evlərini, oturuşlarını-duruşlarını, qadın-kişi münasibətlərini çəkib göstərirlər. Bu da dünya üçün çox maraqlıdır. Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat” filmləri beynəlxalq festivallarda ödüllər alıb. Zamanında da bir çox filmlərimiz mükafatlara layiq görülüb. Bizim evimiz yenudənqurma dövründə yıxıldı və ondan sonra da bu “ev” qurulmadı”.

Amma aktrisa çıxış yolunu da göstərir:

“Kadr yetişdirilməlidir. Rejissor, operator, qrimçilər olmalıdır. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət və İncəsənət İnstitutunu bitirən məzunların bir neçəsini xarici ölkələrə göndərməlidir. Ya da kimsə öz hesabına təhsil alıb, gəlib film çəkməlidir”.

“Rejissorlarımız var, sadəcə, təqdimatımız zəifdir”

Kinorejissor Yavər Rzayevin fikirləri isə tam fərqlidir:

“Biz dünya kinosuna yalnız müəllif filmləri ilə çıxa bilərik. Bizdə o qədər də rejissor qıtlığı yoxdur. Yaxşı rejissorlarımız var, sadəcə, təqdimatımız zəifdir, öz filmlərimizi dünya bazarına təqdim etməliyik. Bu da birbaşa prodüserlərin işidir. Bu gün bütün dünyada filmi tanıdan və təqdim edən prodüserlərdir. Azərbaycanda hələ ki, bu sahə inkişaf etməyib”.

Əlac “Euromage”dir, o da pul istəyir

 

 

Kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi, Elçin Musaoğlu səbəbləri belə açıqladı:

“Vaxtilə sovet ittifaqının tərkibində olduğumuza görə bizim filmlərimiz böyük ölkənin filmi sayılırdı. Müstəqillik dövründəki məlum hadisələrdən sonra kinoda uzun bir böhran yaşandı. Bu gün dünya bazarına çıxmaq üçün başqa mexanizmlər işləyir. Məsələn, onlardan biri, “Euromage” deyilən beynəlxalq qurumdur. Avropa dövlətləri və postsovet ölkələrindən bəziləri bu quruma daxildir. “Euromage”yə üzv olmaq üçün hər bir ölkə, dövlət səviyyəsində həmin quruma qoşulmaq üçün müəyyən məbləğ ödəyir. Bu da bir çox kiçik dövlətlərə (məsələn, Gürcüstan) böyük imkanlar yaradır. “Müştərək istehsal” deyilən bir anlayış var. Tutalım, sabah biz hansısa bir film çəkmək istəyiriksə, həmin quruma layihə ilə müraciət edirik. “Euromage” daxil olan müxtəlif ölkələrdən bu layihəyə qoşulmaq üçün təkliflər edilir. Müasir dövrdə film çəkmək bahalı iş olduğundan qurumdakı dövlətlər birləşərək, müştərək filmlər çəkirlər. Belə filmlərin Avropa bazarındakı taleyi də uğurlu olur. Ən azından layihədə iştirakçı olan ölkələr filmin festival həyatında və kinoteatrlarda nümayişində yaxından iştirak edirlər. Ən əsas məsələ isə kino mühitinin yaranmasıdır. Hər şey – elm, mədəniyyət və s. mühitdə formalaşır, hərəkətə gəlir. Sovet dövrünü xatırlayın. Elm və mədəniyyət sahəsindəki uğurlarımızı yada salın. Mən tez-tez qonşu ölkələrdəki kinotədbirlərdə iştirak edirəm. Bu gün dediyim kinomühit daha çox Qazaxıstan, Gürcüstan və Qırğızıstanda hiss olunur. Bu mühitin yaranmasında film festivalların da böyük rolu var. Bizim ölkədə bir dənə də olsun beynəlxalq səviyyədə festival yoxdur. Bizdə də bu mühit yaranmalıdır. Ən azından buna cəhd etmək lazımdır”.

“Hələ 10 yaşındayıq”

Kinorejissor Samir Kərimoğlu nisbətən pozitiv düşünənlərdəndir:

“Azərbaycanda uzun illər durğunluq yaşayan film sektoru sovetlər dönəmindən sonra 2006-cı ildə dövlət tərəfindən maliyyələşdirilən qısa və tammetrajlı filmlərin istehsalına başladı. Hələ 10 yaşındayıq. Çox gənc olduğumuza görə, kino istehsalı sahəsində inkişaf etmiş dövlətlərlə müqayisə oluna bilmərik. Kino tək maliyyə, rejissor, ssenari, rəssam, bəstəkar, operator və s. ilə kifayətlənmir. Filmin istehsalı zamanı və ondan sonrakı aqibəti ilə məşğul olan, onu istər ölkə daxili, istərsə də ölkə xaricində tanıdan aparıcı qüvvə prodüserdir. Bizdə isə bu sahə az inkişaf edib”.

“Qorxuruq ki…”

Söhbətin bu yerində biz də üz tutduq prodüserlərə… Bu da onların fikri…

Rejissor və prodüser Əli İsa Cabbarov problemdən çıxış yolunu sadaladı:

“İlk növbədə müştərək filmlər çəkilməlidir. Azərbaycan-İtaliya, Azərbaycan-Fransa ilə birgə filmlər olmalıdır. Belə olan təqdirdə filmlərin həmin ölkələrin kinoteatrlarında, televiziyalarında, kinofestivallarında iştirak edib, uğur qazanmaq şansı yaranır. Bunun üçün “Euroimage” beynəlxalq qurumuna üzv olmalıyıq. Bu, kino haqqında dövlət proqramında da öz əksini tapıb. Amma hələ də gözləyirik. Dövlət tərəfindən istehsal olunan filmlərin prodüserləri beynəlxalq əlaqəli, dünya kino təcrübəsini bilən prodüserlərdən ibarət olmalıdır. Naşı və səriştəsiz prodüser xarici bazar üçün film istehsal edə bilməz. Digər bir səbəb də var. Biz dünya üçün maraqlı olan mövzuları filmlərimizdə əks etdirməliyik. Psixoloji məqamları açıq şəkildə kinoya gətirməliyik, dünya tamaşaçısı gerçək insan dramlarına maraq göstərir. Biz öz problemimizi səmimi, sadə və istedadlı şəkildə danışmalıyıq. Amma biz kinoda açıq söhbət etməkdən çəkinirik. Bu cür filmləri çəkə bilən rejissor, operator, ssenaristlər də var. Sadəcə olaraq, acıq və sərt mövzulara yaşıl işıq yandırmaq lazımdır. Problemlərimizi kinoda danışmaqdan qorxmaq lazım deyil”.

Dərd bir deyil, iki deyil…

Kinoprodüser-rejissor Fehruz Şamıyevin fikri daha əhatəli oldu:

“Azərbaycan kinosunun xarici festivallar və film bazarlarında iştirak etməməsinin bir neçə səbəbi var. İlk növbədə bizim filmlərimiz hansısa bloqbasterlə dünya kino bazarına addım ata bilməz. Çünki bizim ən azı maddi çətinliyimiz buna imkan vermir. Yəni texniki baxımdan uğurlu film istehsal edə bilsək belə, dünyaya çıxmaq üçün tanınmış simaların filmdə rol alması və yetərincə reklam kampaniyasının aparılması lazımdır. Bütün bunlar milyonlarla vəsait tələb edir. İkincisi, beynəlxalq festivallara çıxmaq üçün müəyyən mərhələlər keçmək lazımdır. Film nə qədər maraqlı olsa belə, dünyanın aparıcı festivallarına çıxmaq üçün xarici prodüserlərlə işbirliyi, müəyyən əlaqələr olmalıdır. Azərbaycan kinosunda tammetrajlı filmlərin dünyanın tanınmış festivallarına çıxması son illər baş verib. Amma bu sözsüz ki, intensiv deyil və bunun üçün gərək filmlərin sayı arta, istehsal olunan filmlər festivalların diqqətini cəlb etmək iqtidarında ola. Kinoteatrlarımızda yerli kommersiya filmlərinin sayı artır. Rəqabət olduğu üçün də bu sahədə maraqlı işlər ortaya çıxır və filmə qoyulan vəsaiti demək olar ki, tam şəkildə tamaşaçı “geri qaytarır”. Amma festival filmlərinin aqibəti bir az başqadır. Festival filmlərinin gəlir faizi çox aşağı olduğu, hətta demək olar ki olmadığı üçün bu istiqamətdə çəkilən filmlərə maliyyə tapmaq çətindir. Yerli investorların çox cüzi hissəsi festival filminə yatırım edir. Amma diqqət etsək görərik ki, son illər xarici festivallara çıxan bədii filmlərimizin demək olar ki 90 faizi məhz dövlət sifarişidir. “Sahə”, “Nabat” , “Axınla aşağı”, “Çölçü” filmlərinin hamısı dövlət sifarişi ilə ərsəyə gəlib. Amma ümumilikdə Azərbaycan filmlərinin beynəlxalq festivallarda az görünməsinin səbəbi həmin festivallara çıxa biləcək filmlərimizin azlığı ilə bağlıdır. Dediyim kimi bunun ilk səbəbi maliyyə problemidir. Bu baxımdan da festival filmləri, yəni qeyri-kommersiya filmləri istehsal edən müəlliflər hələ də dövlət maliyyəsini gözləməkdədirlər. Amma maraqlısı budur ki dövlət maliyyəsini nəzərə almayan müəlliflər var ki onlar beynəlxalq festivallara çıxmaq üçün xarici fondlarla əlaqələrini genişləndirməyə çalışırlar. Yəni beynəlxalq festivallara çıxmaq təkcə dövlətin vəsaitindən yox, həm də xarici fondlarla münasibətlərdən, xarici prodüserlərlə sıx əlaqələrdən asılıdır. Nəhayət, onu deyə bilərəm ki, bizim ciddi festivalda iştirak etməyə qadir rejissorlarımız azdır və bildirdiyim bir çox problemə görə onlar və digər müəlliflər film çəkməkdə çətinlik çəkirlər”.

“Dünya hara, biz hara? Sən Biləcərini keçməkdən yaz…”

Bəs görəsən kinoşünaslar nə fikirdədir? Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Dadaşovun fikri qısa, konkret, həm də istehzadolu oldu:

“Məmur kinosu cücərməz. Dünya hara, biz hara, sən Biləcərini keçməkdən yaz…”.

Belə… Apardığımız araşdırmadan bu qənaətə gələ bilərik ki, Azərbaycan kinosunun dünya kino bazarında yer tutması üçün hələ uzun bir yol keçməliyik. Deməyin pessimistəm, amma hələ ki, bu yolun sonunda heç bir işıq görünmür.

 

Cəvahir Səlimqızı
Xüsusi olaraq Yeniçağ.az üçün

www.yenicag.az

1306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv