!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxtiyar Məmmədli: “Biz jurnalistlər dünya mediası ilə ayaqlaşa bilmirik”

!Reklam – Yazi

Bextiyar_Memmedli1905.az portalının suallarını “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədli cavablandırır.

– Bəxtiyar müəllim, hər bir media mənsubunun mediaya gəlişinin hökmən özəl tarixçəsi olur. Sizin mediaya gəlişiniz necə oldu?

– Məndə jurnalistikaya həvəsi anam oyadıb. Lakin ali məktəbdə təhsil aldığım müddətdə bu peşəyə daha çox bağlandım. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi həqiqətən bir məktəb oldu. Təbii ki, universitet, xüsusilə ixtisas təhsili aldığım fakültə öz imkanları daxilində tələbələrə seçim etməkdə köməklik göstərib. Universitetdə oxuduğum illərdə müxtəlif media qurumlarında təcrübə keçdim. Ancaq son olaraq, “525-ci qəzet”də təcrübədə oldum. Və bu qəzetdən aldığım ilk qonorar da indiyədək yadımdadır- denominasiyadan əvvəlki pul ilə 40 min manat. Bu qonorarla isə Nərimanov metrosunun keçidində fəaliyyət göstərən kitab dükanından “Qurani-Kərim” alıb, evə apardım. Daha sonra hərbi xidmətdə oldum və 2005-ci ildə yenidən “525-ci qəzet”də, özü də müxbir kimi fəaliyyət göstərməyə başladım.

– Xeyli yol qət etmisiniz. Bu yolun əsas mənzilləri hansılardır?

– Əslində, başqa jurnalist həmkarlarımdan fərqli olaraq, elə də böyük yol qət etməmişəm. Çünki 90-cı illərdən üzə bəri çalışan jurnalist dostlarımız var və indi “xeyli yol qət etmişəm” desəm, onların haqqına girmiş olaram. Ancaq onu deyə bilərəm ki, “525-ci qəzet”dən başlanan yol, daha sonra BayMedia İnformasiya Agentliyindən keçdi. İndi isə “Gündəlik Teleqraf” qəzetində fəaliyyət göstərirəm. Amma bu daimi iş yerlərimlə bərabər, həm də bunlara paralel olaraq, müxtəlif vaxtlarda İctimai Səhiyyə və İslahatlar Mərkəzində və müxtəlif qeyri-hökumət təşkilatlarında çalışmışam. İşlədiyim hər bir mətbuat orqanına və digərlərinə ayrı-ayrılıqda təşəkkür edirəm. Çünki hər bir media orqanından nələri isə öyrənmişəm və bunun üçün də mənə şərait yaradıblar.

– Qarabağla bağlı yaza bilirikmi? Yoxsa başımız başqa mövzulara qarışıb?

– Qarabağ bizim hər birimizin yaralı yeridir və bu bölgədən olan biri kimi işğal altındakı torpaqlardan yeni bir informasiya olanda onu maraqla oxuyuram. Amma belə yazılar çox az olur. Bu gün mətbuatda Qarabağla bağlı yaza bilirik. Müşahidələrim onu deməyə əsas verir ki, yazılan yazılar dağınıq şəkildədir. Yəni, ağına-bozuna baxmadan yazılır və nəticə isə yoxdur. Əsla tərəfdarı deyiləm ki, bu məsələ bir mərkəzdən idarə olunsun. Lakin həm də indi Qarabağ mövzusunu əhatə edən materialların təqdimatı bərbaddır. Təbii ki, bu məsələdə istisnalar var.

Başqa mövzulara başımızın qarışdığını da istisna etmək olmaz. Bu məsələdə jurnalistləri günahlandırmaq da doğru deyil. Çünki cəmiyyətin özündə şou-biznes, kriminal və digər qeyri-ciddi xəbərlərə maraq var. Hər bir media qurumunun da rəhbəri istəyir ki, onun xəbəri çox oxunsun. Nəzərə almalıyıq ki, jurnalistika biznes sahəsidir və xəbər satmaqla məşğuldur. Yox, məsələyə kommunizm ideyaları ilə yanaşırıqsa, onda yanaşmamız başqa cür olmalıdır.

Düşünürəm ki, indiki halda Qarabağ mövzusuna yanaşmanı dəyişmək lazımdır, deyərdim ki, yeni metod tətbiq edilməlidir. Yəni, beyin mərkəzləri öyrənməlidir ki, cəmiyyət hansı informasiyanı necə həzm edir, təqdimat hansı formada olmalıdır. Elə götürək, AŞPA ilə bağlı son hadisələri və haqlı olaraq qeyd edildi ki, biz qələbəni deyil, məğlubiyyəti təbliğ etdik. Yəni, qəbul edilən qətnaməni deyil, qəbul edilməyən qətnamənin səbəblərini axtardıq. Qeyd etdiyim kimi, fəaliyyət göstərən beyin mərkəzləri bunun bir araşdırmasını aparmalıdır. Amma təəssüf ki, biz bunu hələ görə bilmirik.

– Jurnalistikadan uzaqlaşıb başqa sahədə çalışmaq istəyiniz olmayıb ki?

-Açığını desək, olub. Amma yenə də bu fikirdən daşınmışam. Hətta müxtəlif dövlət qurumlarından iş təklifi də olub. Yenə də özümü orada görə bilmirəm. Bütün çətinliklərinə rəğmən jurnalistika maraqlı sahədir, dinamikdir. Çünki ölkədə yaşayan bir çox insanlardan fərqli olaraq, informasiyanı ilk sən oxuyursan. Amma ola da bilər ki, müəyyən müddətə başqa bir sahədə çalışmalı oldum. Bunu konkret demək olmaz ki, ancaq jurnalist fəaliyyəti ilə məşğul olacam..

– Bu il məmləkət mediasının 141 yaşı tamam olacaq…

– Allah Həsən bəyə rəhmət eləsin. “Əkinçi”nin bünövrəsi saf, təmiz niyyətlə qoyulub. Belə olmasaydı Azərbaycan jurnalistikasından danışa bilməzdik. Geridə qoyduğumuz bu 141 ilin tarixinə nəzər saldıqda həqiqətən milli mətbuatın çətin yol keçdiyini deyə bilərik. Bu yol həm eniş olub, həm yoxuş olub, həm də düz olub. Lakin mətbuatın indiki yolu daha bərbaddır. Çünki biz jurnalistlər dünya mediası ilə ayaqlaşa bilmirik. Bəlkə də bu sözüm bir çoxlarının xoşuna gəlməyəcək. Amma bu həqiqətən belədir. Bir misal çəkim. Ötən ay ABŞ-da Qarabağa dair konfrans keçirilib və bu barədə amerikalı həmsədr Uorlik tviter səhifəsində yazmasaydı, bizim mətbuatın bundan xəbəri olmayacaqdı. Lakin bildiyim qədər ABŞ-da bir sıra agentliklərin, televiziyaların xüsusi müxbirləri var və onlar belə bundan xəbərsiz idilər.

Bu misal ilə özümüzə tənqidi yanaşmamız heç də o demək deyil ki, hər kəs bizi tənqid edə bilər. Elə sahələr var ki, hələ də jurnalistikadan öyrənir.

– Və sonda. Yaşlı həmkarlarınızdan nə öyrəndiniz və gənc həmkarlarınıza nəyi tövsiyə edərdiniz?

-Yaşlı həmkarlarımdan səbirli olmağı öyrəndim və gənc həmkarlarıma da bunu tövsiyə edərdim. Yeni işləməyə başlayanda çalışdığım redaksiyalarda bəzən səbirsiz davranırdım. Rəhbərlikdə mənim bu ərköyünlüyümü sakit qarşılayırdı. Lakin zaman keçdikcə, onların necə səbrli davranması özümə də bir dərs oldu. İndiki gənclər də tez özündən çıxan, yazdıqlarının hər birini mükəmməl hesab edən gənclikdir. Onların bu yaş dövründə belə olması təbiidir və bunu normal qarşılamaq lazımdır.

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv