“Onun kimi bir generalın bu posta təyin olunması ikitərəfli münasibətlərdə irəliyə doğru atılmış mühüm addımdır”.
Bu fikirləri türkiyəli general Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunmasını şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.
Ramaldanovun fikrincə, Bəxtiyar Ərsayın həmin posta gətirilməsi xətl Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlığının yüksələnə inkişafının göstəricisidir:
“Bəli, Bəxtiyar Ərsayın müdafiə nazirinin müşaviri təyin olunması haqqında məlumatlar artıq öz təsdiqini tapıb. Düşünürəm ki, Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə Bəxtiyar Paşanı çox yaxşı tanıyırlar və ona hörmətlə yanaşırlar.
O hələ 44 günlük Vətən müharibəsindən əvvəl də Azərbaycana gəlirdi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişlənməsinə özünəməxsus töhfə verirdi və əlbəttə ki, bu zaman Müdafiə Nazirliyinin rəhbərliyi ilə sıx təmasda olurdu.
Xatırladım ki, 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Ordusu qarşısında müxtəlif vəzifələr qoyuldu və ən əsası, Ordumuzun Türkiyə modelinə keçməsi üçün ciddi islahatlar aparıldı və bu istiqamətdə indi də davam edən mühüm işlər görülür.
Cənab Prezident ADA Universitetindəki çıxışında qeyd etmişdi ki, Azərbaycan ordusu Türkiyənin, Türkiyə ordusu isə Azərbaycanın ordusudur. Bu yanaşma Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin artıq “İki dövlət, bir ordu” səviyyəsinə qaldırılması haqda fikir söyləməyə əsas verir.
Belə bir şəraitdə Bəxtiyar Paşa kimi təcrübəli, artıq ölkəmizdə də əhali və hərbçilər arasında böyük nüfuz qazanmış generalın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi ikitərəfli hərbi əməkdaşlığın yüksələn xətlə inkişafının göstəricisidir.
Bildiyiniz kimi, Bəxtiyar Paşa Azərbaycanda olduğu müddətdə hər zaman müdafiə naziri, general-polkovnik Zakir Həsənovla sıx əlaqədə olub və Ordumuzda Türkiyə modelinin tətbiqi üçün öz tövsiyələrini verib, təcrübəsini bölüşüb.
Sadəcə, indiyə qədər Türkiyə təmsilçisi qismində fəaliyyət göstərən Bəxtiyar Paşa artıq bu təyinatdan sonra Azərbaycan ordusunun təmsilçisi olaraq işlərini yeni status və səlahiyyətlə – müdafiə nazirinin müşaviri vəzifəsində davam etdirəcək. Fikrimcə, Bəxtiyar Paşanın bu posta təyin olunması ikitərəfli münasibətlərdə irəliyə doğru atılmış mühüm addımdır”.
A.Zeynalov