Bəyimxanımdan ŞAD XƏBƏR – FOTOLAR

Əməkdar artist, Azərbaycan Milli Konservatoriyanın Baş müəllimi, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Televiziyasının solisti Bəyimxanım Vəliyeva 2022-ci ili uğurla başa vurub.

Yenicag.az xəbər verir ki, sənətçi 2014-cü ildən bəri üzərində çalışdığı mövzunu müdafiə edərək “Fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülüb.

Bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşan Bəyimxanım bu yolda ona dəstək olan hər kəsə, başda ömür-gün yoldaşı olmaqla bərabər, Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynovaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Bəyimxanım Vəliyeva ifaçılar arasında öz ixtisası üzrə ən gənc yaşda “Fəlsəfə doktoru” elmi dərəcəsi alan birinci xanəndədir.

Cəvahir