Aprelin 3-də Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, aprelin 3-də Beyləqan şəhər Nizami küçəsi ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasına narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib.
Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.
R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunurdu.