“Beynəlxalq hüquqa riayət olunsaydı, bütün münaqişələr tezliklə öz həllini tapardı” – Qabil Hüseynli

“BMT və digər təşkilatların Ermənistanı hələ də işğalçı ölkə kimi tanımaması beynəlxalq hüquqa ikili yanaşmanın bariz nümunəsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” telekanallarına müsahibəsində beynəlxalq hüququn işləkliyinin təmin edilməsinin zəruriliyi haqda fikirlərini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, beynəlxalq hüquqa əməl edilsəydi, Qarabağ və digər regional münaqişələr qısa müddətdə aradan qaldırılardı:

“Bəli, prezidentin beynəlxalq hüquqa mövcud münasibətlə bağlı söylədikləri çox düzgün təsbitdir. Dünya birmənalı olaraq, beynəlxalq hüququn bəlli prinsiplıri əsasında idarə edilməlidir.

Hər hansı münaqişəli və mübahisəli vəziyyət ortaya çıxanda, dünyanın əsas təşkilatı olan BMT-yə müraciət edirlər. BMT də öz qərarlarında beynəlxalq hüquq normalarını əsas götürür.

Azərbaycan uzun müddətdir, Ermənistanın hərbi təcavüzü ilə üzləşib, əraziləri işğal altındadır. Ermənilər öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin iyirmi faizini işğal edib, bir milyona yaxın soydaşımız öz yurd-yuvasından didərgin salınıb.

Amma təəssüflər olsun ki, Ermənistanın bu fəalyyətinə yalnız siyasi qiymət verilib. BMT və digər təşkilatların Ermənistanı hələ də işğalçı ölkə kimi tanımaması beynəlxalq hüquqa ikili yanaşmanın bariz nümunəsidir.

Ölkə prezidentinin beynəlxalq hüququn tələblərinə birmənalı riayət olunmasının vacibliyi haqda dedikləri bu sahədə vəziyyyətin qənaətbəxş olmamasının ifadəsidir.

Doğrudan da, əgər beynəlxalq hüququn tələblərinə əməl olunsaydı, hazırda Qarabağ münaqişəsi də daxil olmaqla, digər regional konfliktlər qısa müddətdə öz ədalətli həllini tapardı. Lakin reallıqda beynəlxalq hüquqa ikili standartlar əsasında yanaşmanın şahidiyik.

Buna ən bariz nümunə BMT-nin Qarabağla bağlı qəbul etdiyi dörd qətnamənin hələ də icra olunmamasıdır. Əlbəttə ki, belə arzuedilməz vəziyyətin tezliklə aradan qaldırılması, hüququn aliliyinin təmin olunması zəruridir”.

Aqil Bəkir

COP29