Beynəlxalq Media Forumunda 2-ci panel yekunlaşdı – FOTOLAR

Paneldə “Vətəni qorumağın yeni adı – 15 iyul” mövzusu ətrafında müzakirələr aparılıb.

Yenicag.az xəbər verir ki, bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Media Forumun “Vətəni qorumağın yeni adı – 15 iyul” adlı 2-ci paneli yekunlaşıb.

Panelə sədrlik edən “İnternethaber” Xəbər Portalının baş redaktoru Hadi Özışık 2016-cı il 15 iyul gecəsi yaşanan hadisələrlə bağlı bəzi xatirələrini bölüşüb:

“Çevrilişə cəhd edənlər hər kəsi evlərinə getməyə səsləyirdi. R.T.Ərdoğan dövrünün bitdiyini qışqıraraq insanlara hücum edirdilər. İndi baxırıq ki, o gecə sadəcə, komediya idi. Xain bir qrup şəxs Türkiyəni öz “silahları” ilə ələ keçirməyə çalışırdı. O gecə cəmiyyətə səslənən prezident Rəcəb Tayyib Ərdoğan xalqı birlik olmağa çağırdı. Prezidentin xalqa çağırışı çox şeyi həll etdi.

Bütün media bu məsələnin üzərinə getdi. Media mənsublarımız o gecə xalqla birlikdə küçələrdə qaldı. İnternet mediasının 15 iyul gecəsi tirajladıqları az bir şey deyildi, buradan təkrar təşəkkür edirik”

Paneldə çıxış edən “Hürriyet” qəzetinin yazarı Deniz Zeyrek də 15 iyul olayı zamanı üzləşdiyi dramatik epizodlardan danışıb:

“Biz yenicə əyləşmişdik ki, restoranın üzərilə təyyarələrin aşağıdan uçduğunu gördük, partlayış səsləri eşitdik. Mediadan yoldaşlar zəng etdilər ki, FETÖ tərəfdarları hərbi hissələrdə qarşıdurma yaradıb. Telefonlar kəsildi, əlaqə qurmaq çətinləşdi. Lakin bizim media demokratikdir və hadisələri anbaan yayımlayırdıq. Birinci körpü bağlandığına görə ikinci körpüdən keçib redaksiyaya getmək üçün 12 km-lik yolu 2-3 saatda qət etdik.

Radiolardan Rəcəb Tayyib Ərdoğanın çıxışları səslənirdi. O, hər kəsi hava limanına çağırırdı. Əsgərlər insanlara atəş açmağa başlamışdı. Buna baxmayaraq, insanlar, 16-19 yaşlı gənclər hava limanına gedirdilər. Onlara “Diqqətli olun” desək də, bizə “Bu gün ölməyəcəyiksə, nə zaman öləcəyik?” deyərək meydanlara axışdılar. Birdən qızım mənə zəng etdi ki, evimizin pəncərələri partlayır, atəş açırlar. Mən o hadisədə həm vətən üçün, həm övladlarım üçün çox narahat oldum və həmin hissləri bu gün ifadə edə bilmirəm”.

“Haber 7” xəbər portalının Ankara təmsilçisi İbrahim Ərdoğan paneldəki çıxışında 15 iyul gecəsi medianın fəaliyyətinə yaradılan əngəllərdən bəhs edib:

“Çevrilişçilər çalışırdılar ki, ölkənin xəbər mərkəzlərini, informasiya mübadiləsini məhv etsinlər. Bununla da onlar vətəndaşların baş verənlərdən xəbərsiz qalmasına səy göstərirdilər. Çevrilişə cəhd edənlərin “Vatsap” yazışmalarında “Haber 7″nin yayımının dayandırılması istənilirdi. “Onlara mane olun”, deyə yazılar yer alırdı. Yüzlərlə insan meydanlara, bələdiyyə binalarının önünə, hava limanlarına axışırdı. Bir çox xəbər portallarının redaksiyalarına basqın edildi, media nümayəndələri təhdid olundu.

Bütün bunların baş verdiyi zamanda bizlər, Türk xalqı, siz Azərbaycanlıların dəstəyi ilə 100 illik mübarizəni bir günə sığdıraraq, yeni Türkiyənin əsasını qoyduq. O gün 250 şəhid verdik, 2 mindən çox yaralı qazilərimiz oldu. Terror təşkilatı olan FETÖ Türkiyəni zəbt edib demokratik ölkəni bir daha toparlanmayacağı bir vəziyyətə salmaq istədi. O gün insanlar tankların qarşısına çıxaraq, bu hadisələrin qarşısını almağa çalışırdılar. Bu vətənpərvərlik hissini ifadə edəcək cümlə yoxdur, ola bilməz. F-16-ya əlindəki küt alətlərlə hücum edən, qarşılıq verən vətəndaşlarımız sayəsində biz bu gün bu nöqtəyə gələ bilmişik. Mediası, sıravi vətəndaşları, rəsmiləri – bütün xalq birlikdə bunun öhdəsindən gəldik. 15 iyul Türkiyənin ikinci doğumu oldu və min illər boyu davam edəcək. Türkiyə yeni sistemlə daha işıqlı gələcəyə doğru addımlayır”.

“24 TV” telekanalının Ankara təmsilçisi Melih Yigitel 15 iyul gecəsi 30 illik hakimlərin, 20 illik zabitlərin Türkiyəyə qarşı terror aksiyasına qalxdığını dedi:

“O gün dəhşət idi. Türkiyə heç bir ölkənin əsarətində deyil. Bu spesifik olaraq Türkiyəyə hesablanmamışdı. Bu bütün Qafqaza yönəlmişdi. O gün zabitlər, generallar, vəzifəli şəxslərin meydanlarda türk xalqına güllə atmasını gördük. Buradan hər kəsin dərs götürməli olduğu məqamlar var. O gün biz başa düşdük ki, hakimiyyət nümayəndələri ölkənin sabitliyinə, hərbi və strateji məqamlara xidmət edən şəxslərin gizliliyini son dərəcə qorumalıdır. Bütün bu hadisələrə liderlik edən şəxs və şəxslər ortaya çıxmadı. Amma o gün ölkəni Ərdoğanın idarə etməsi xalqımız üçün olduqca böyük şans idi.

Ərdoğanın yerində başqa bir kəs olsaydı və xalqa dəstəyini bir az gecikdirsəydi, nələrin baş verəcəyini təxmin etmək çətindir. Bədənini güllələrə sipər edən vətəndaşlar Türkiyəyə diz çökdürmək istəyən kəslərə sübut etdi ki, bu, mümkün deyil. Həmin gecə Azərbaycan prezidenti İlham Əliyev səhərə qədər Ərdoğanla telefon əlaqələri quraraq bütün yardımları təklif etdi. Bu qardaşlıq münasibəti dünya ölkələrinin diqqətini çəkdiyi üçün tarix boyu həm sizə, həm də bizə qarşı hazırlanan təxribatlar bitmir. Amma nəticə hər zaman bizlərin xeyrinə oldu”.

Paneldə çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər 2016-cı 15 iyul günü Türkiyədə olduğunu, həmin məşum gecəni Türk qardaşlarla birlikdə keçirdiyini bildirib:

“İyulun 15-də mən FETÖ haqqında yazdığım kitabı Türkiyənin baş naziri Binali Yıldırıma təqdim etmişdim. Həmin hadisələrin üzərində 15 iyul olaylarının yaşanması bizi dəhşətə gətirdi. Ancaq o gecə Anadolu insanının hakimiyyətə bağlılığını, xalqın öz dövlətinə məhəbbətini, vətəndaşların şərəf və namusla hərəkət etdiklərini gördüm.

2 saat sonra nələrin baş verəcəyinin bəlli olmadığı bir vəziyyətdə “Anadolu” agentliyi anbaan canlı yayıma keçdi. Bütün bu hadisələr Azərbaycanda da diqqət və həyəcanla izlənilirdi. Hər zaman belə olub, Türkiyənin ayağına daş dəysə, Azərbaycanın ürəyi ağrıyar, eləcə də əksinə.

FETÖ azərbaycanlı müridlərindən istifadə etməyə çalışsa da, Azərbaycan hakimiyyəti bu mövzuda çox ciddi addımlar ataraq, Türkiyəyə dəstək oldu. Bu gün də FETÖ şəbəkəsinin Azərbaycanda adlarını dəyişdirmiş təmsilçilərinin müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır. “İstək” liseyinin bağlanması da bu istiqamətdə atılan addımlardan biridir. FETÖ məsələsi “qanqren” kimidir, bir barmaqda varsa, kəsib atmalısan. Yoxsa, yayılacaq və bütün qolunu çürüdəcək. Hər şey millət və xalq üçündür. Media nümayəndələri hər zaman birlikdə olaraq bu kimi hadisələrin təkrarlanmasının qarşısını alacaqlar”.

KONTV telekanalının rəhbəri Nurettin Bay 15 iyul hadisələri zamanı “Vatsap” və “Messencer” üzərindən qəhrəmanlıq edən müxbirlərdən danışıb:

“Bizdə texniki hissədə çalışan bir dostumuz vardı. Həmin o gün gecə saat 1-də yayımlar dayandı. Amma internetdən yayımlar davam edirdi. Həmin gün redaksiyanın qarşısı insanlarla dolu idi. Ərazidə 30-40 polis əməkdaşı vardı. Özlərini təhlükəyə atan vətəndaşlarımız bizi qorumağa gəlmişdilər. Yüzlərlə insan meydanlara axışdı və 30 gün səhərə qədər oyaq qaldı, növbə tutdu. Millətlər hər zaman bu kimi hadisələrə qarşı ayıq-sayıq olmalı və ehtimalları nəzərdə tutaraq hazırlıqlı olmalıdırlar. Media bu istiqamətdə əzmlə mübarizə apardı və biz o günü geridə qoyduq. Bundan sonra ikinci bir 15 iyul hadisəsinin yaşanmaması üçün istər media sistemi, istərsə də hakim dairələr tamamilə yeni strateji yollar seçib. Bu isə Türkiyənin daha təhlükəsiz gələcəyə daşınmasına xidmət edir”.

Panelin yekununda mövzuya dair fikir mübadiləsi aparılıb.