!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Simpoziumda "Qarabağ" Paneli bitdi – Fotolar/VİDEO

!Reklam – Yazi

Bakıda Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Qarabağ” Paneli işinə başlayıb.

Yenicag.az xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlının moderatorluğu ilə başlayan paneldə millət vəkili Fazil Mustafa, Anadolu Yayımçılar Dərnəyinin rəhbəri Sinan Burhan, TÜİB başqanı Hüseyin Büyükfırat, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ülke” TV-nin baş redaktoru Hasan Öztürk, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Yasəmən Qaraqoyunlu və Azərbaycan-Türkiyə Gəncləri Dostluq Dərnəyinin başqanı Tuqay Apa iştirak edirlər.

“Qarabağ” Panelində çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, Qarabağ probleminin həll yolları tapılmır:

“Problemin həlli təkcə bizdən asılı deyil. Ona görə biz də bu məsələ ətrafında fırlanmaqla məşğuluq. Danışıqlar eyni predmet üzrə uzadılır. Qarabağın işğalı faktı Rusiyanın öz maraqlarına görə edilib. Qarabağın işğalı həm də Ermənistanın ərazisinin genişlənməsi üçün edilib. Ermənistana ABŞ və digər dövlətlər dəstək verir. Bu, başqa məsələdir. Azərbaycana isə daim Türkiyə və Pakistan dəstək olur. Ancaq onlar BMT-nin Təhlükəsizlik Şurasına üzv olmadığı üçün, onların da müdaxilə etmək imkanı aşağıdır.

Xalq Qarabağ problemindən kənarda saxlanılıb. Bir neçə nəfər bu problemi həll etmək iqtidarında deyil. Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olmalıyıq”.

“Qarabağ” Panelində çıxış edən Anadolu Yayımçılar Dərnəyinin rəhbəri Sinan Burhan deyib ki, Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında yer alıblar:

“Açıq şəkildə deyə bilərəm ki, Türkiyə mediası azlıqların əlindədir. İstər Qarabağ, istər Kərkük məsələsində Türkiyə mediası maraqlı deyil. Azlıqların əlində olduğu üçün milli məsələlər Türkiyə mediasında yer almır. Çünki onlar maddi cəhətdən çox güclüdür və başqa güclərə bağlıdırlar.

Artıq Anadolu mediası güclənməyə başlayır. Anadolu mediası hər zaman sizin yanınızdadır”.

“Qarabağ” Panelində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Yasəmən Qaraqoyunlu Qarabağ məsələsində Qərbi Azərbaycan faktorundan danışıb.

Yasəmən Qaraqoyunlu bildirib ki, Qərbin çəkdiyi sərhədləri tanımır:

“Bugünkü beynəlxalq hüquq bizim milli iradə və keçmişimizə ziddir. Necə olur ki, ermənilərin Qarabağı işğal etməsi beynəlxalq hüquqa zidd olmur, ancaq Azərbaycan Qarabağı müharibə ilə işğaldan azad etmək istəyəndə beynəlxalq hüquqa zidd olur.

Anadoluda erməniləri silahlandıran, türklərə qarşı qaldıran İngiltərə, Fransa və ABŞ-dır. Qafqazda isə ermənilərin əsas dəstəkçisi Rusiyadır”.

“Qarabağ” Panelində çıxış edən TÜİB başqanı Hüseyin Büyükfırat türk dünyasının problemlərinə toxunub. O bildirib ki, hərəkətlərimizdə birlik yoxdur:

“Əgər bizim milliyətimiz, dinimiz bizi bir araya gətirmirsə, başqalarına xidmət edirsə, demək ki, burada bir problem var. Bizim milli və mənəvi duyğularımız bizi birləşdirməlidir. Bizim fiziki sərhədlərimizdən başqa, könül sərhədlərimiz var. Əgər bir türkün, müsəlmanın dünyanın harasında olursa olsun, problemi varsa, biz ona dəstək verməliyik.

Qarabağ hamımızın problemidir. Qarabağda ermənilərin bizə etdiklərini ağlamaqla danışmağın tərəfdarı deyiləm. Məncə, Qarabağ müharibəsində insanlar öz torpaqlarını müdafiə etməyə çalışıb. Bu, qəhrəmanlıqdır”.

Daha sonra Hüseyin Büyükfırat Cocuq Mərcanlı layihəsi ilə bağlı danışıb:

“Biz bura təkcə pul qazanmaq üçün gəlmişiksə, onda bizim digərlərindən nə fərqimiz olar ki? Cocuq Mərcanlı ilə bağlı layihələr həyata keçiririk. Cocuq Mərcanlıda park yaratdıq. Suvenir zavodu tikdik. Bununla, orada yaşayan şəxslər işlə təmin olunacaq və məhsullar xaricdə də satışa çıxarılacaq. Biz bununla demək istəyirik ki, biz əvvəldə burada idik, gələcəkdə də burada olacağıq.

Düşmənlər bizim təkcə torpaqlarımızı deyil, türklər arasındakı əlaqəni də kəsmək istəyirlər”.

“Qarabağ” Panelində çıxışlar bitdikdən sonra simpoziumun iştirakçıları mükafatlandırılıb.

www.yenicag.az

2569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv