Beynəlxalq təşkilatlar Bakıda “Jurnalistlər üçün təhlükəsizlik təlimi” keçiriblər – FOTOLAR

Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Bakıda “Jurnalistlər üçün təhlükəsizlik təlimi” təşkil edilib.

Yenicag.az-a JuHİ-dən verilən məlumata görə, iki gün müddətində davam edən tədbirlər Mətbuat Şurasının konfrans zalında baş tutub.

İnformasiyaya əsasən, təlimlərə 15 nəfər jurnalist qatılıb və onlardan 5-i ümumölkə yayımlı KİV subyektlərinin Qarabağ regionu üzrə akkreditasiya edilmiş əməkdaşları olublar. Təlimlər EFJ-nin ekspertləri tərəfindən idarə edilib.

JuHİ sədri Müşfiq Ələsgərli keçirilən təlimlərlə bağlı bildirib ki, tədbirin məqsədi ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etmək olub:

“Təlimlər zamanı Azərbaycan jurnalistlərinə riskli bölgələrdə davranış qaydaları, təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən modern texnologiyalar barədə bilgilər verildi.

Müharibə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi yönündə təqdimatlar xüsusilə maraq doğurdu. Jurnalistlərə dron hücumları zamanı öz təhlükəsizliyini qoruya bilmək bacarıqları aşılandı. Jurnalist təhlükəsizliyinin digər istiqamətləri barədə də təqdimatlar edildi”.

Müşfiq Ələsgərli əlavə edib ki, jurnalist təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə ciddi zərurət var:

“Yaşadığımız regionda münaqişələr mövcuddur. Qarabağ münaqişəsi fonunda 1990-cı ildən başlayaraq 2021-ci ilə qədər olan müddətdə Azərbaycanda 11 jurnalist və KİV işçisi cəbhə bölgəsində həyatını itirib. Onlarla jurnalistimiz fiziki xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyib.

Bizim yanaşmamızdan asılı olmayaraq, hər zaman münaqişəyə cəlb olunmaq ehtimalımız var. Jurnalistlərimizin təhlükəsizlik qaydaları ilə tanış olmaları risklərdən yayınmaq üçün şərait yaradır. Bu baxımdan tədbirlərimiz davam edəcək”.