!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq təşkilatların Azərbaycana qarşı “ikili standartlar”ı və artıq sonu görünən “divar”

!Reklam – Yazi

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunmuş beynəlxalq təşkilatların üzərlərinə götürdükləri missiyanı icrasına yumşaq desək, ciddi yanaşmamaları, təcavüzkar Ermənistanla işğala məruz qalmış Azərbaycanı eyniləşdirmələri Cənubi Qafqazın əsas probleminin həllini gecikdirməkdədir.

Münaqişənin aradan qaldırılması məqsədilə yaradılmış ilk beynəlxalq format – ATƏT-in Mins qrupunun fəaliyyətdə olduğu 28 il ərzində hər hansı nəticəyə varan səylərinin olmaması, işğalçı Ermənistana yönəlik təzyiq xarakterli heç bir addımın atılmaması, hətta bəzi hallarda işğalçını stimullaşdırması İrəvanı daha da şirnikləndirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin – ABŞ, Fransa və Rusiya təmsilçilərinin bu passivliyi digər nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına da sirayət edib. Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası və digər beynəlxalq qurumlar hələ də işğalçı ilə işğala məruz qalan tərəfi “eyni qaydada razı salacaq” formul axtarışında təkid etməkdədirlər. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icrası isə tamamilə “unudulub”.

Ancaq çox maraqlı və qəribədir ki, beynəlxalq təşkilatların işğala məruz qalan bu yanaşması analoji problemlə üzləşən Gürcüstan və Ukraynaya münasibətdə avtomatik dəyişir. Konkret desək, başda BMT olmaqla, bütün beynəlxalq təşkilatlar Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində ortaya qəti və operativ mövqe qoymaqdadırlar.

Təsəvvür edin ki, hətta eyni sənəddə belə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, o sırada Azərbaycanın qeyd olunması sanki “daşa dirənir”. Bütün bunların fonunda isə Ermənistana yanaşmada tam əks mövqenin şahidi oluruq.

O baxımdan, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2020-ci il qış sessiyası da istisna olmadı. Azərbaycanda “demokratiya və insan hüquqlarının vəziyyəti” ilə pərdələnən müxtəlif ölkələrin nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu bilərəkdən arxa plana keçirərək, diqqəti bu məsələlərə yönəltməyə cəhd göstərdilər. Həmin təmsilçilər beynəlxalq hüquq kontekstində Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriliyi haqda bir kəlmə də demədən, ölkədə demokratiya və insan haqları məsələsinə fokuslandılar.

Əgər AŞPA-nın nəzərdə tutulan nümayəndələri Ermənistanın yeni hökumətinin ölkədə həyata keçirdiyi repressiv siyasətə də işıq salsaydılar, onların obyektivliyinə qismən də olsa, inanmaq olardı. Lakin onların nəzərində Ermənistan “demokratiyanın beşiyi”dir. Əslində isə Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra daxili siyasi vəziyyəti xeyli gərginləşən Ermənistanda bir polis rejimi qurulub, iqtidara qarşı çıxan bütün qüvvələr ən sərt formada zərərsizləşdirilir. Hökumətin siyasətinə etiraz edən siyasi və ictimai fəallar görünməmiş təqib-təzyiqlərə məruz qalırlar, media çox güclü təsir altındadır, məhkəmələr isə bu repressiv addımların “qanuniləşdirildiyi” instansiyaya çevrilib. Ermənistanın sabiq prezidentləri Robert Koçaryanla Serj Sarkisyana qarşı cinayət işlərinin açılması, onların tərəfdarlarına divan tutulması AŞPA təmsilçilərinin nəzərində ən təbii haldır.

Amma beynəlxalq təşkilatların bu ikili standartlara əsaslanan siyasəti daha nə qədər davam edə bilər. Onlar eyni mahiyyətli məsələlərə fərqli yanaşmaları bundan sonra necə “arqumentləşdirəcəklər?” Axı hər şeyin bir sonu var… Fakt faktlığında qalır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər Cənubi Qafqazda sabitlikdən danışmaq mümkün olmayacaq.

Beynəlxalq təşkilatlar bu sadə həqiqəti nə qədər tez anlasalar, o qədər yaxşı olar.

www.yenicag.az

1306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv