Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri kitab sərgisində nümayiş olunur

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunmaqdadır.

Yenicag.az xəbər verir ki, sərgidə Fondun himayəsi və dəstəyi ilə müxtəlif dillərdə çap olunan kitab, kataloq, poçt markaları və çox sayda digər ədəbiyyat nümunələri ziyarətçilərə təqdim edilir. Fondun sərgilədiyi nəşrlər Azərbaycan, türk, ingilis, italyan, alman, fransız, rus və ərəb dillərində çap olunmuşdur. Oxucuların ixtiyarına verilən kitab və kataloqlarda türk dünyasının birlik, bərabərlik və qardaşlıq ideyaları, tanınmış şəxsiyyətləri, tarixi mədəniyyət və memarlıq abidələri, şifahi xalq ədəbiyyatı nümunələri təbliğ olunur, türk xalqlarının milli-mənəvi dəyərləri, adət-ənənələri beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır.

Sərgi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyinin və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasının uşaqlar üçün işlənmiş elektron kitabının təqdimat mərasimi keçiriləcəkdir.

Qeyd edək ki, VII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 10-dək davam edəcək.