!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzən bir gecədə 3-4 yuxu görürəm” - Çingiz Abdullayevlə SƏMİMİ SÖHBƏT - FOTOLAR

!Reklam – Yazi

“Əlifbamızın dörd dəfə dəyişdirilməsi, ölkədə kitab oxuyanların sayına çox mənfi təsir göstərib”.

Yenicag.ru-nun “Həyatın yeni gerçəkləri” verilişinin bu dəfəki qonağı, xalq yazıçısı Çingiz Abdullayevlə müsahibəni təqdim edirik.

– Həm ölkəmizdə, həm də xaricdə çox məşhur bir insansınız. Bu, sizdə necə təəssürat yaradır?

– Təbii ki, harada və hansı adla təqdim olunmağımın da önəmi var. Bildiyiniz kimi, PEN-klubun prezidenti, Yazıçılar İttifaqının katibi, “Neftçi”nin Müşahidə Şurasının sədriyəm və s. Amma əlbəttə ki, bunların arasında ən mötəbəri xalq yazıçısı adıdır. Bu adı almağımdan 15 il keçib, hələ də buna inana bilmirəm. Səməd Vurğun, İsmayıl Şıxlı, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı kimi şəxsiyyətlərdən sonra bu adı almaq həqiqətən, çox gözəl hissdir.

– Ölkəmizi xaricdə əla təmsil edirsiniz…

– Düzdür, təvəzökarlıq etməyəcəyəm. Hər dəfə Yazıçılar İttifaqındakı otağıma girəndə, oradakı dahi yazıçılarımızın portretlərini görürəm. O zaman bir daha anlayıram ki, həm ittifaq, həm də ölkəm üçün çox şeylər etməliyəm. Onlar mənim üçün müqəddəs insanlardı.

– Belə bir deyim var: “Mən onu bilirəm ki, heç nəyi bilmirəm”. Onu da deyirlər ki, yalnız peşəkarlar bu fikri özlərinə aid edə bilir. Bəs siz?

– Əlbəttə, bilmədiyim çox şey var. İnsan həyatı əslində, çox qısadır. Oxumalı, öyrənməli olduğum o qədər şey var ki… Amma təbii ki, hər şeyi öyrənmək, oxumaq olmur. 24 saata mümkün qədər çox şeyi sığdırmaq istəsəm də alınmır.

– Çingiz müəllim, ixtisasca hüquqşünassınız. Niyə məhz bu ixtisası seçdiniz?

– Bu, seçim yox, bir arzu, istək idi- uşaqlıq arzusu. Mən hüquqşünas olmaq arzusuyla yanıb-alışırıdm və buna da nail oldum. Atam, babam, dayım hamısı hüquşünas olub. Övladlarım da hüquqşünasdır. Çalışdığım hər yerdə də hüquq-maliyyə işlərini özüm idarə etmişəm və edirəm.

– Tərcümeyi-halınızda peşəkar şəkildə boksla məşğul olduğunuz da qeyd olunub…

– Bəli, məşğul olmuşam. Ancaq sonra burnumu sındırdılar və hər şey də bununla bitdi. Hətta ilk məşqçim Boris Kipianini də xatırlayıram. Boks həyatım tez bitsə də, güllə atıcılığında idman ustası dərəcəsinə qədər yüksəldim və çempion da oldum.

– Bundan əlavə, sizin ingilis, italyan, türk və hətta, fars dilini öyrəndiyiniz də bildirilir. Bu dillərdən hansını daha yaxşı bilirsiz?

– Təbii ki, öz ana dilimi… Azərbaycan dilini daha yaxşı bilirəm. Universitetlərdə, müxtəlif məkanlarda çıxış zamanı da ana dilimdə danışmaq mənim üçün əsas şərtdir. Çünki mən bu xalqın yazıçısıyam. Təbii ki, rus dilini də çox yaxşı bilirəm. Elə demək olar ki, öz doğma dilim qədər rus dilinə də bələdəm. Rus dilində təhsil də almışam, bu dildə əsərlər yazmışam, ona görə bu dildə də heç bir problemim yoxdur.

– Siz yaradıcı insansınız. İndi hansı kitab üzərində işləyirsiniz? Sirr deyilsə, bizə qısaca məlumat verərdiniz?

– Bəli var, hətta, bir yox, hazırda iki kitab üzərində işləyirəm. Kitabımın biri ordenin şərəfinə yazılır və ondan bəhs edir. İkinci kitabımın adı isə “Allahın bələdçiləri” adlanır. Bu kitabım da qarışıq və bir o qədər maraqlı əhvalatdan bəhs edir.

– Yaradıcılığınızda ilham mənbəyinizi açıqlayardınız?

– Yəqin ki, yuxular. Çünki elə bir gün olmur ki, yatanda, yuxu görməyim. Bəzən bir gecədə üç-dörd yuxu görürəm və hamısını da ayılandan sonra xatırlayıram. Görünür əsəblərim sakitdir. İyirmi dəqiqə belə yatsam, mütləq yuxu görürəm. İndi siz məndən xahiş edə bilərsiniz ki, elə burada 20 dəqiqə yatım və əmin olun ki, yatsam, yuxu görəcəm (gülür). Hətta, əsərlərimin qəhramanları yuxuda özləri gəlib məni tapır. Bəzən ağlımda olan ssenarini belə qəhramanlarım dəyişir. Əsərin sonluğunu fərqli görsəm də, onlar məni başqa tərəfə yönləndirə bilir. Mən də onların istədiyi kimi edirəm. Hətta üzərində işlədiyim kitabımda kəşfiyyatçı olan azərbaycanlı ər və arvad ABŞ-dan olan kəşfiyyatçı cütlüklə tanış olur. Amerikalı cütlük isə “svinger” ailə olur. Bütün millətlərə hörmət bəsləyirəm. Ancaq qəhramanlarım azərbaycanlı yox, başqa millətdən olsaydılar, iki kəşfiyyatçı cütlük arasındakı “svinger” münasibətləri qələmə almaq daha rahat olardı. Ancaq bizim millətə bunu uyğunlaşdırmaq asan deyil. Bizim öz adət-ənənəmiz, mentalitetimiz var.

– Çingiz müəllim, sovet dövründə demək olar ki, hamı kitab oxuyurdu. Uşaqlar oxumağa, öyrənməyə çox meylli idi. Bu istəkləri həm məktəbdə, həm də ailələrində qarşılığını tapırdı. Bəs indi həm ölkəmizdə, həm də xaricdə bu barədə nələri müşahidə edirsiniz? Çünki bu tendensiya yavaş-yavaş ortadan qalxır. İnsanlar niyə daha az oxumağa başlayıblar? Niyə kitabı internetlə əvəz etməyə üstünlük verilir?

– Kitabı internetlə əvəz etmək fikrinə qatılmıram. Oxuyan, yenə də oxumağa davam edir. Təbii ki, kitab oxumaq məsələsi bizdə daha pisdi. Rusiya, Ukrayna, Fransa və ya İtaliya ilə müqayisədə bizdə kitab oxuma faizi çox-çox aşağıdı. Gənclər xatırlamaz, 60-cı illərdə, sovet dövründə həm Rusiya, həm Azərbaycan Dövlət Televizsiyasında yalnız bir proqram var idi- axşam saat 6-dan 10-a qədər. Ona görə də insanlar daha çox kitab oxumağa meyl edirdilər. Hətta xatırlayıram ki, biz kitablara necə maraq göstərirdik. Oxuduqdan sonra bir-birimizə ötürürdük. Xarici ədəbiyyata diqqətimiz artırdı və s. Təbii ki, bunun da rolu var. İndi hər kəs öz smartfonunda istədiyi verilişə rahatlıqla baxa bilir. Hər televizyada da minmum 300 veriliş olur. Üstəgəl, internet. Artıq ünsiyyətin müxtəlif formaları da internetlə birgə həyatımıza daxil olub. “Facebook”, “Tvitter”, “İnstagram” kimi sosial şəbəkələrdə insanlar daha çox vaxt keçirirlər. Bizim ölkəmizdə buna səbəb olan digər amil əlifbamızın 4 dəfə dəyişdirilməsidir.

Dünyada başqa belə bir millət yəqin ki yoxdur. Bu da təbii ki, öz mənfi təsirini göstərdi. Dövrlərə uyğun olaraq, əvvəlcə ərəb əlifbası ilə yazılmış kitablar, sonra latın, kiril əlifbasında nəşr edilmiş ədəbiyyatlar itib-batdı. Əlifba dəyişikliyinə görə evlərdə, kitabxanalarda olan kitablar tələbatlığını itirdi. Çünki uşaqlar, yeni nəsil artıq onları oxuya bilmədi. O ki qaldı tərcümə kitablarına, mən sizə dəqiq deyə bilərəm ki, onlar heç də həmişə istənilən səviyyədə və keyfiyyətdə olmur. Bütün bunlar da sonda mütaliə faizinin aşağı düşməsinə səbəb olur.

– Azərbaycan ədəbiyyatının gələcəyini necə görürsüz?

– Ümid edirəm ki, o, hər zaman var olacaq və yaşayacaq. Ancaq yeni nəsli itirdik. 90-cı illərdə – müharibə vaxtı bir çox gənclərimizi şəhid verdik. Təbii ki, onların arasında istedadlı jurnalistlər, yazarlar da az deyildi. İndi yeni bir nəsil yaranır. Aralarında kifayət qədər maraqlı, bilgili gənclər az deyil. Oxumağa, öyrənməyə meylli olmaları da onlar üçün əlavə üstünlükdür. Bu da mənə ümid verir ki, ədəbiyyatımızn gələcəyi yaxşı olacaq.

– Demək olar ki, hər bir insanın sevimli stolüstü kitabı olur. Sizin ən sevdiyiniz stolüstü kitabınız varmı? Varsa, hansıdır?

– Çalışıram, həmişə səmimi olum. Yəqin ki, sevimli yazıçılarım Rey Bredberi, Heminqueyin kitablarını misal çəkə bilərəm. Ümumiyyətlə, mən kitabı çox sevirəm.

– Kitablarınızı ən çox kimlər sevir? Qadınlar, yoxsa kişilər?

– Sosioloji sorğular da bunu göstərir ki, detektiv, analitik, siyasi kitabları daha çox kişilər oxuyur. Mənim kitablarımda isə tamamilə əksinədir. Qadınlar kitablarımı daha çox oxuyur, sevir.

– Bəs özünüzü xoşbəxt insan hesab edirsinizmi?

– Anam və atam sağ olanda, özümü inanılmaz dərəcədə xoşbəxt insan hiss edirdim. Onlar artıq dünyalarını dəyişiblər. Ancaq hələ də qəlbimdə yaşayırlar. Əgər əsərlərimi 32 dilə tərcümə ediblərsə, xalq yazıçısıyamsa, deməli, xoşbəxtəm.

– Uğurlu bir yazıçı kimi gənc yazarlara nə məsləhət görərdiz?

– Üç məsləhətim var: İşləmək, işləmək və işləmək.

– Hər bir kəsin həyatda qəbul etdiyi prinsiplər olduğu kimi, “olmazlar”ı da mövcuddur. Sizin üçün belə qadağalar varmı?

– Vəziyyətə görə dəyişir. İnsanlarla münasibətdə özünü satmamaq mənim üçün vacibdi və nə olursa-olsun, buna əməl edirəm. Özünə hörmət etmək və prinsiplərimdən vaz keçməmək mənim üçün çox əhəmiyyətlidir. Bir də əlbəttə ki, dostluqda sədaqət.

– İndi isə oxucu sualı. Sizcə, son 30 ildə ən yaxşı roman hansıdır? Həm Azərbaycan həm də dünya ədəbiyyatında…

– Azərbaycanda məncə, Yusif Səmədoğlunun “Qətl günü” romanı son 30 ilin ən yaxşısıdır. Hətta ümumilikdə, ədəbiyyatımızın ən gözəl romanlarındandır. Dünyada isə Umberto Ekonun “Qızılgülün adı” romanını qeyd edə bilərəm. Təbii ki, Bulqakovun “Master və Marqarita” əsərini də o sıraya aid etmək olar.

– Çingiz müəllim, son olaraq bizim oxucularımıza nə arzu edərdiniz?

– Biz bəzən övladlarımızı yanlış yönləndiririk. Onlar elə bilirlər ki, xoşbəxtlik puldadır. Ona görə də, hər birinizə xoşbəxtlik bə cansağlığı arzu edirəm. Stəkanlarımız yarıya qədər dolu olmalıdır, yarıya qədər boş deyil. Həyatınıza bu cür yanaşmanızı tövsiyyə edirəm. Bu da sizin özünüzdən asılıdır.

Söhbətləşdi: Cəmilə Amirova

Tərcümə: Firuz Asanov

www.yenicag.az

2024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv