Bəzi ərazilərə su verilməməsinin səbəbi – RƏSMİ

Bakının bəzi ərazilərində içməli su təchizatında problemlər var, bəzi ərazilərdə isə içməli suyun təzyiqi aşağıdır.

Yenicag.az xəbər verir ki, abonentlərin sosial şəbəkədə yazdığı məlumatlara əsasən, Bakının Sabunçu, Suraxanı rayonlarının bir hissəsində su təchizatında problemlər var, paytaxtın bəzi rayonlarında, Binəqədi, Nərimanov rayonlarında isə içməli suyun təzyiqi normadan aşağıdır. Bakının Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi 280 ünvanında yaşayan sakinlər isə bildirib ki, artıq bir həftədir ki, onlara içməli su verilmir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı su təchizatında yaranmış problemlərə aydınlıq gətirib. “Azərsu” rəsmisi Bakının Bülbülə qəsəbəsi Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilmədiyini etiraf edib. O bildirib ki, indiyədək həmin əraziyə su maşınlarla verilib, amma dünən küçəyə şəbəkə ilə suyun verilməsinə başlanılıb: “Anbarda olan ehtiyatları hesabına bu küçədə və Aeroport yolunun yaxınlığındakı digər ərazilərdə yaşayanların 70 faizi su ala bilib. Ümumiyyətlə, ötən illərdə də yay aylarında həmin ərazidə problem yaranıb. Yay aylarında elə şəbəkələr var ki, orada 2-3 ay müddətində su olmur. Sizin dediyiniz Samir Əliyev küçəsinin bir hissəsi də həmin ərazilərdən biridir. Bundan başqa, bura Bülbülə, Əmircan qəsəbələrinin bir hissəsi, Bağlar massivi, Sabunçu, Suraxanı, Qum adasının bir hissəsi aiddir. Bu ərazilərdə ötən ildə, bundan qabaqkı illərdə də su problemi yaşanırdı. Həmin ərazilərə su çatmır”.

Onun sözlərinə görə, prezident İlham Əliyevin keçirdiyi müşavirədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov da bildirib ki, qurumun anbar ehtiyatlarını hələ ki, tam doldura bilməyib: “Bu səbəbdən də müəyyən ərazilərdə müəyyən çətinlik mövcuddur. Bizim ən kritik nöqtələrimiz Bakının Suraxanı rayonu, Hövsan, Zığ və Qum adası sayılır. bu ərazilərə, eləcə də Yeni Günəşli, Bülbülə və Əmircan qəsəbələrinə də dünən su verilib. Bu gün üçün kritik nöqtələrdən biri Xətai rayonunun Köhnə Günəşli qəsəbəsidir. Artıq Məhəmməd Hadi, Telnov, İnqilab İsmayılov, Nəsrəddin Tusi, Şıxlı küçələri və Gəncə prospektinin bir hissəsinə su verilib. Bu sahəyə məsul olan şəxslər həmin ərazilərin bu gün axşama qədər içməli su ilə tam təmin ediləcəyini bildiriblər. Bu məqsədlə anbar ehtiyatlarının böyük bir hissəsi Xətai rayonuna yönəldiləcək”.

A. Cəbrayıllı bildirib ki, hazırda şəhərə verilən su tənzimlənir: “Hazırda Zabrat, Sabunçu və Balaxanının bir hissəsində su problemimiz var. Yəqin ki, bu gün bu problem həll ediləcək”.

Qurum rəsmisi qeyd edib ki, bəzi ətraf ərazilərdə vətəndaşlar tərəfindən çəkilmiş primitiv xətlər istismarı çətinləşdirir: “Azərsu” ASC-nin təzyiqlə verdiyi su xəttinin başlanğıcında götürülür və ucqarlara gedib çatmır. Yəni qış, payız aylarında həmin ərazilərdə normal su olur, ancaq yay aylarında su çatışmır. Bu, bu gün də belədir. Bunun isə nə təzyiq, nə də enerji kəsintisi ilə əlaqəsi yoxdur. Yəni, burada vətəndaşlar özbaşına primitiv üsullarla su xətləri çəkib. Həmin ərazilərdə bizim mərkəzləşmiş şəbəkələr mövcud deyil. Ancaq bu istiqamətdə bizim işlərimiz gedir. Hazırda “Azərsu” ASC-nin mütəxəssisləri bütün rayonlara ezam olunublar. Onlar bütün siyirtmələri fərdi qaydada idarə edirlər və su çətinliyi olan ərazilərə suyu yönəldirlər”.

A. Cəbrayıllı əlavə edib ki, bu gün bəzi ərazilərə 24 saat içməli suyun verilməsi bərpa edilib: “Ancaq elə lokal ərazilər var ki, hələ də normal su ala bilmir. Bizim anbar ehtiyatları tam toplanandan və 100 faiz təmin olunandan sonra tənzimləmə işləri hamının su almasına imkan verəcək”./APA/