“Bəzi lobbilər Azərbaycanın qələbəsinə kölgə salmaq üçün kampaniya aparırlar” – TBMM sədri

“Bəzi lobbilərin Azərbaycanın döyüş meydanında qazandığı qələbəsinə kölgə salmaq üçün kampaniyalar apardığının fərqindəyik”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 26-da Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O qeyd edib ki, bütün dünya, o cümlədən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) illərlə Qarabağ münaqişəsinin həlli üçün heç bir iş göstərməyiblər, həll yolu təklif etməyiblər: “Beləliklə, Azərbaycanın qətiyyətli mövqeyi və hərbi müdaxiləsi nəticəsində işğal faktına son qoyuldu”.

TBMM sədrinin sözlərinə görə, indi döyüş meydanında qazanılan qələbənin danışıqlar masası ətrafında uğurla yekunlaşdırılması vaxtıdır:
“Azərbaycanın bütün beynəlxalq platformalarda haqlı mübarizəsinə hələ də mane olmağa çalışanların olduğunun fərqindəyik”.

N.Kurtulmuş əlavə edib ki, Azərbaycan döyüş meydanındakı qələbəsinə kölgə salmaq istəyənlərə də qalib gələcək:

“Bu haqlı mübarizədə də qalib gələcəksiniz. Bu məsələ birdəfəlik həllini tapacaq. Xüsusilə, regionumuzdakı və dünyadakı proseslər göstərir ki, qarşıdakı dövrdə ciddi proseslər olacaq”.