Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb. Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir.
Yenicag.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövləti Komitəsinin məlumatında deyilir.
“Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb.
Ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunub.