“Bəzi məhsulların bahalaşması “kartel sövdələşməsi”nin nəticəsidir” – Eyyub Hüseynov

“Dövlət buna süni qiymət artımı adı verib, müdaxilə etmək istəyirsə, onda buyursun”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejimi şəraitində bir sıra məhsullarda müşahidə olunan qiymət artmının səbəblərindən danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynovun sözlərinə görə, hazırda müşahidə olunan qiymət artımının başlıca səbəbi sahibkarların çirkli sövdələşmələridir:

“Azad bazar iqtisadiyyatında əsas amil tələb və təklifdir. Tələb artanda, qiymət qalxır, bazara keyfiyyətsiz mallar çıxarılır. Hazırkı vəziyyətdə daşınmada, xaricdən malların gətirilməsində probelmlər var. Güman edirəm ki, ona görə də, istehsalçılar və satıcılar qiymətləri qaldırıblar. Hər gün mənə ayrı-ayrı malların qiymətinin artması barədə 8-10 zəng gəlir.

Azərbaycanda kifayət qədər mal olsa da, imkanları var ki, qiyməti qaldırsınlar. Prezident İlham Əliyev dəfələrlə deyib ki, ölkədə kartel sözləşmələri var. Ancaq dövlətin bu işlərlə mübarizə aparan qurumu heç bir təhqiqat aparmır.

Gümun edirəm ki, hazırda kartel sözləşmələri öz işini görür. Yəni eyni məhsulu gətirən şəxslər yığılır, zəngləşir, deyir, məhsulu bu qiymətdən satırıq. Dövlətin buna müdaxilə etməsi yolverilməzdir.

Dövlət buna süni qiymət artımı adı verib, müdaxilə etmək istəyirsə, onda buyursun, Nazirlər Kabineti qərar versin, ayrı-ayrı malların qiymətində yuxarı həddi müəyyən etsin.

Bundan sonra dövət orqanlarının müdaxilə etmək üçün hüquqi əsası olsun. Hazırda dövlət orqanlarının əlində heç bir hüquqi əsas yoxdur ki, hansısa sahibkara “bu məhsulu niyə bu qiymətə satırsan?” deyə bilsin”.

Eyyub Hüseynov ən çox qiymət artımı olan məhsulların adlarını da açıqlayıb:

“Karantin dönəmində ən çox zəncəfilin, sarımsağın qiymətinin artması barədə məlumat almışıq. İnsanlar daha çox yumurta alsınlar. Yumurtanın qiyməti kifayət qədər aşağıdır. Buna görə istehsalçılara təşəkkür düşür. Əhalini də çağırıram ki, çoxlu yumurta yesinlər, həm ucuzdur, həm də proteindir”.

Qeyd edək ki, bəzi rayonlarda 50 kiloqram çəkisi olan un kisəsinin qiyməti kəskin artaraq, karantin dönəmindən əvvəlki 26 manatdan 37-39 manata qalxıb.

Səxavət Məmməd