“Bəzi qurumlar buna əməl etmirlər” – Azay Quliyev

azay_quliyev_tedbir_040515_04“Milli Məclisdə “İctimai nəzarət haqqında” qanun layihəsi müzakirələrə təqdim edilib. Qanun layihəsi müəyyən boşluqların doldurulmasına, konkret mexanizmlərin yaradılmasına xidmət edəcək”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

“Bəzi yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazimi səviyyədə diqqət yetirmir. Məsələn, İctimai Şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş Əsasnaməsi var. Əsasnamədə şuraların yaradılması qaydaları göstərilib. Amma bəzi qurumlar buna əməl etmir. Bu baxımdan “İctimai nəzarət haqqında” qanun layihəsi burada interaktivlik yaratmalıdır. Mexanizm kifayət qədər aydın, başadüşülən olmalıdır ki, ortaq fəaliyyət tapılsın. Həm də dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun və digər mexanizmlərdə təmin edilsin. Bu baxımdan əminəm ki, biz bunu geniş şəkildə müzakirə edəcəyik və ən optimal layihəni sizin diqqətinizə təqdim edə biləcəyik”-deyə A.Quliyev vurğulayıb.(Azvision)