“Bəzi qüvvələr Azərbaycana aid tikəni yenidən Ermənistanın boğazına itələmək istəyir” – Xəyal Bəşirov

“Əgər Ermənistan inkişaf etmək istəyirsə, Azərbaycanın regionda yaratdığı reallığı və şərtləri qəbul etməlidir”.

Bu sözləri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Vətən müharibəsi zamanı həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə iştirakını dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizin siyasi, iqtisadi vəziyyəti düşmənin işğal etdiyi ərazilərimizi cəmi 44 gün ərzində azad olunmasına şərait yaratdı:

“Ölkə başçısı və birinci xanımın hərbçilərlə birgə Zəfər yürüşündə iştirakı, eyni zamanda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasiminin keçirilməsi beynəlxalq aləmə çox ciddi mesajlar verir. Bu, xüsusən də Ermənistan və ermənipərəst qüvvələrə ciddi ismarışdır ki, Azərbaycan xalqı Vətənin milli maraqlarının mənafeyi naminə daim bir yerdədir. Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıq və sülh təşəbbüsünün şərtlərinə qarşı hansısa addım atılarsa, Dəmir Yumruğu təşkil edən silahlı qüvvələr Ali Baş Komandanın rəhbərliyi altında yenidən 44 günlük müharibədə atdığı addımı təkrarlayacaq. Bu, Azərbaycanın formalaşdırdığı reallıqla uzlaşmaq istəməyən bəzi qüvvələrə qarşı da bir mesajdır.

Fikrimcə, bu məsələdə Azərbaycan dövləti ortaya prinsipial və qəti mövqe qoyacaq. Ölkəmiz uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, bu gözləntilər öz nəticəsini vermədi. Nəhayət, Azərbaycan bəzi qüvvələr tərəfindən regionda süni şəkildə yaradılmış münaqişənin düyünlərini öz ordusunun və xalqının hesabına kəsdi. Artıq Ermənistan dövlətini idarə edən şəxslər anlayır ki, keçmiş Qarabağ münaqişəsi onlar üçün xərçəng xəstəliyinə çevrilmişdi. Bu, Ermənistanın düşdüyü bataqlıqdan çıxmağına mane olurdu. Bu gün münaqişə Azərbaycan tərəfindən həll olunsa da, hələ də bəzi qüvvələr Azərbaycana aid tikəni yenidən Ermənistanın boğazına itələmək istəyir. Həmin qüvvələr Ermənistanın məhv olmasına çalışırlar. Bunu Ermənistan xalqı anlamalıdır. Ermənistan Azərbaycanın şərtlərini qəbul etməsə və Türkiyə ilə düşmənçilik siyasətinə son qoymasa, bir dövlət kimi özünün intiharını yaxınlaşdıracaq”.

Gülşən Şərif