“Bəzi səhvlərin korrupsiya əməli kimi qiymətləndirilməsi cəhdi müşahidə edilir” – Elnur Allahverdiyev

“Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiya – COVID-19 təhlükəsinə qarşı mübarizədə Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində Azərbaycanda bu günə qədər vəziyyət tam nəzarət altında saxlanılır və bir çox ölkələrlə, o cümlədən, əhalisinin sayı bizə yaxın olan dövlətlərlə müqayisədə yoluxanların sayı kifayət qədər azdır”.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev pandemiya dövründə ölkə rəhbərliyinin atdığı qətiyyətli addımları, hökumətin apardığı sosial-iqtisadi siyasəti şərh edərkən, həmçinin, görülən tədbirlərə kölgə salmaq və qəbul edilmiş proqramların icrası zamanı baş vermiş xırda texniki səhvləri korrupsiya əməli kimi təqdim etmək cəhdlərinə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, bütün dünyada mövcud olan iqtisadi daralma fonunda ölkəmizdə iqtisadi geriləmənin baş verməməsi üçün Azərbaycan hökuməti pandemiya və postpandemiya dövründə iqtisadi artımı və məşğulluğu formalaşdıran sahələrin (tikinti sektoru, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, kənd təsərrüfatı və emal sənayesi, telekommunikasiya, daxili turizm) inkişafına dəstək verilməsi layihələrini davamlı olaraq tərtib etməli və icrası istiqamətində işlər görməlidir.

E.Allahverdiyev qeyd edib ki, hökumətin iqtisadi bloku tərəfindən aprel ayının əvvəlində hazırlanan və ölkə rəhbərliyi tərəfindən dəstəklənən bir sıra proqramlara əsasən, işsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqısının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektoruna gəldikdə isə burada çalışan 900 min nəfərin hər birinin əməkhaqqısı ödənilir. Bu və digər tədbirlərə dövlətimiz bütövlükdə 3,5 milyard manat vəsait ayırıb və Prezidentin qeyd etdiyi kimi, əlavə vəsait lazım olarsa, məsələ mütləq qaydada öz həllini tapacaq.

E.Allahverdiyevin sözlərinə görə, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, dövlət tərəfindən pandemiyadan zәrәr çәkən vergi ödәyicilәrinin muzdlu işçilәrinә әmәkhaqqının müәyyәn hissәsinin ödәnilmәsi tədbirlərinin icrası üçün 215 milyon manat vəsait nəzərdə tutulub. 07.05.2020-ci il tarixinə muzdlu işçilərinin sayı 252 065 nəfər olan 26 495 vergi ödəyicisi maliyyə dəstəyi almaq üçün müraciət edib, 195 156 nəfər işçisi olan 21 564 vergi ödəyicisinə 42 956 200 manat faktiki ödəniş edilib.

Deputat əlavə edib ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrası üçün nəzərdə tutulmuş vəsaitin həcmi 80 milyon manatdır. 07.05.2020-ci il tarixinə 98 504 vergi ödəyicisi tərəfindən müvafiq müraciət edilib, 89 742 müraciət araşdırılıb, 85 814 vergi ödəyicisinə 52 156 600 manat faktiki ödəniş həyata keçirilib.

E.Allahverdiyev vurğulayıb ki, Azərbaycan hökuməti nəinki qeyd edilən maliyyə dəstəyi proqramlarını həyata keçirir, bununla yanaşı, nümunəvi şəffaflıq və hesabatlılıq prinsiplərinə də əməl edir. Belə ki, bu məqsədlə hər iki proqram üzrə maliyyə dəstəyi alan vergi ödəyicilərinin siyahısı İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində (www.economy.gov.az) yerləşdirilib və siyahı mütəmadi olaraq yenilənir:

“Koronavirus pandemiyasından zәrәr çәkdiyinә görә dövlәtdәn maliyyә dәstәyi almaq üçün müraciət edən vergi ödәyiciləri İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifələrindəki siyahılar üzrə maliyyə dəstəyi alıb-almadıqları barədə məlumat ala bilirlər. Hər iki proqram üzrə sahibkarların müraciət etməsini asanlaşdırmaq üçün hazırlanmış videotəlimatlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində və sosial şəbəkə səhifələrində yerləşdirilib. Nazirliyin nümayəndələri mediada mütəmadi olaraq maarifləndirici açıqlamalarla çıxış edirlər. Şəffaflıq və hesabatlılıq prinsipinə eyniylə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də əməl edilir. 190 manatlıq maddi yardımı alan şəxslər barədə müvafiq məlumatlar Nazirliyin rəsmi internet və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir. Bütün məlumatlar ictimaiyyət üçün açıqdır”.

E. Allahverdiyev başqa bir məsələyə də toxunaraq bildirib ki, son günlər sosial şəbəkələrdə 190 manatlıq maddi yardımın ödənilməsində nöqsanların olması, bir şəxsə bir neçə dəfə ödənişin verilməsi, eləcə də İqtisadiyyat Nazirliyinin xətti ilə sahibkarlara maliyyə dəstəyinin göstərilməsində pozuntu hallarının baş verməsi kimi məlumatlar yayılır və bəzi şəxlər tərəfindən belə halların korrupsiya əməli kimi qiymətləndirilməsi cəhdi müşahidə edilir.

Millət vəkili hesab edir ki, belə hallar, hətta baş veribsə belə, bu, müraciətlərin çoxluğu və onların araşdırılmasına tələb olunan vaxt və resursların məhdudluğu, elektron sistemlərin yüklənməsi və sair bu tipli texniki səbəblərlə əlaqədar ola bilər.

Hazırkı həssas dövrdə hər iki nazirlik tərəfindən sosial-iqtisadi dəstəyə hesablanan tədbirlər çərçivəsində hər hansı korrupsiya hallarını istisna edən millət vəkili E.Allahverdiyev hesab edir ki, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq qurumları sosial şəbəkələrdə yayılan və pozuntu halları kimi təqdim edilən sorğulara münasibət bildirəcəklər.

COP29