Azərbaycanda bəzi peşə təhsili müəssisələri birləşdiriləcək.
Yeniçağ.Az-ın APA-ya istinadən xəbərinə görə, bu Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.
Strateji Yol Xəritəsində bildirilib ki, peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması hazırlanacaq tədbirlər planına əsasən peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçiriləcək.
“Optimallaşdırma prosesi, ilk növbədə, iri sənaye mərkəzləri olan Bakı və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin birləşdirilməsi ilə başlayacaq, daha sonra analoji qaydada regionlarda yerləşən peşə təhsili müəssisələrinin bir qisminin optimallaşdırılması, o cümlədən perspektivsiz təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması və ya gələcəkdə ərazisində yeni peşə təhsili müəssisələrinin tikilə biləcəyi müəssisələrin fəaliyyətinin müvəqqəti dondurulması da daxil olmaqla, müvafiq tədbirlərin həyata keçirilməsi ilə başa çatacaq”, – deyə Strateji Yol Xəritəsində qeyd olunub.
Yeniçağ.Az