“Keçirilən görüşlərdə cəmiyyətin siyasi fəallığının artırılmasının zəruriliyi insanlara izah olunur”.
Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşma prosesinin gedişini dəyərləndərinə Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, müəyyən problemlər nəzərə alınmazsa, proses normal məcrada gedir:
“Bəli, artıq bir müddətdir ki, mövcud partiyalar fəaliyyətlərini bu istiqamətdə qurmaqdadırlar. Bizimlə yanaşı, eyni binada yerləşən bir sıra digər partiyaların da yeni qanuna uyğunlaşmaq yönündə işləri davam etdirdikləri barədə məlumatım var.
Deyə bilərəm ki, bu proses kifayət qədər normal məcrada gedir. Partiyamız bu məsələyə həm də təşkilatlanma prizmasından yanaşdığı üçün mərkəzi qərargahımız və rayon təşkilatlarımız insanlarla birbaşa təmasları artırıblar.
Bu çərçivədə mən özüm və partiyanın təmsilçiləri bir sıra bölgələrdə əhali ilə görüşlər keçirmişik, belə təmasların davamlı olmasını təmin etməyə çalışırıq. Keçirilən görüşlərdə cəmiyyətin siyasi fəallığının artırılmasının zəruriliyi insanlara izah olunur.
Bildiyiniz kimi, Qarabağ Azadlıq Təşkilatının sıralarında on mindən artıq insan bir araya gəlmişdi. Onların arasında müxtəlif partiyaların üzvləri, o cümlədən bitərəflər də vardı. İndi həmin şəxslər öz seçimlərini etməkdədirlər.
Bu prosesin müəyyən çətinlikləri də var. Problem ondadır ki, bəzi vətəndaşlar müəyyən səbəblərdən partiyaya üzv olmaqdan çəkinirlər, bu işə tərəddüdlə yanaşırlar. Yəqin zamanla bu tərəddüdlər də aradan qalxacaq”.
A.Zeynalov