“Hərə oturub divanında, özünə bir TV açıb, ağzına gələni danışır. O kanalların 90 faizi küçə söyüşləri və qurşaqdan aşağı söhbətlərdən ibarətdir. Əksəriyyətində qeyri-peşəkar, duzsuz, məsuliyyətsiz, söyüş və küçə mədəniyyəti təbliğ olunur. Biabırçılıqdır!”
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Soy” prodakşının rəhbəri Oqtay Əliyev deyib.
Tanınmış prodüser sosial şəbəkələrdə olan həmin kanal və səhifələrin milli dəyərlərimizə böyük zərbə vurduqlarını təəssüf hissi ilə bildirib:
“Qızlar oturub ağızlarına gələni danışır. Ayıbdır! Bəzi vaynerlər var, elə bilir, o söyüşlərlə insanları güldürüb özlərinə maraq yarada biləcəklər, izləyicilərinin sayını artıracaqlar. Bir aparıcı qadın var, adını da bilmirəm. Gic-gic özü oxuyur, özü oynayır, özü də şeir deyir… Ən dəhşətlisi də budur ki, insanlar onlara baxır və başlayırlar, “Azərbaycan telekanallarında səviyyəsizlik baş alıb gedir”, – deyib telekanalları tənqid etməyə. Bu gün efirlərdə sanballı, səviyyəli verilişlər var. Sosial şəbəkələrdə olan kanallardakı səviyyəsizlik telekanallarda yoxdur. Televiziyaya nəzarət edən qurum var. Yenə də deyirəm, söhbət sosial platformalardan gedir. Söyüş, narkotik, oğurluq, əxlaqsızlığın təbliği baş alıb gedir. Üstünə də yazırlar, 20+… Təsəvvür edin də bu nə deməkdir. Artıq burada pornoqrafiya da var. Təzə bir metod da dəbə düşüb, insanlar “Tik-Tok”da pul dilənirlər. Əvvəl küçələrdə dilənçilər var idi, indi onlar virtual aləmdə oturub dilənçiliklə məşğuldurlar. Mən onlara heç baxmıram, keçən dəfə bir nəfər göstərdi, təsəvvür edin, adam rəsmən yalvarır ki, mənə pul verin”.
O.Əliyev çıxış yolunu həmin səhifə və kanalların bloklanmasında görür:
“Buna nəzarət etmək lazımdır. Bunu da yeganə yolu budur ki, insanlar bir nəfər kimi onları bloklasın, səhifələrinə baxılmasın və pul yığa bilməsinlər. Harada mədəniyyətsizlik, tərbiyəsizlik, ziyanlı vərdişlərə təbliğat varsa, onlara qarşı mübarizə aparmaq lazımdır”.
Cəvahir