!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda 2016-cı ilin doqquz ayının hesabat yığıncağı keçirilib

!Reklam – Yazi

1(268)Biləsuvar rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

13 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun iş adamları, pambıq mülkiyyətçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev geniş hesabat məruzəsi ilə çıxış edərək rayonda bu ilin doqquz ayında görülmüş işlərlə bağlı ətraflı məlumat verdi.Bildirdi ki: “Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri neft sektorunun əsas istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsinin vacibliyini xüsusi qeyd etmişdir.” Aqrar sahənin ən önəmli və gəlirli sahələrindən olan pambıqçılıq həmişə strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsi kimi ölkə iqtisadiyyatında xüsusi yer tutmuşdur. Ulu Öndər Heydər Əliyev pambıqçılığın inkişafına həmişə böyük əhəmiyyət vermiş, pambıq istehsalı Azərbaycanda bir milyon tona yüksəlmişdi. O illərdə Biləsuvarda 14 min hektar sahədə pambıq əkilmiş, hər il 35-40 min ton pambıq istehsal olunmuşdur.
Pambığın alış qiymətinin artırılması, subsidiyanın verilməsi, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.Son illərlə müqayisədə bu il rayonumuzda dəfələrlə çox 6040 hektar sahədə pambıq əkilmişdir. Hesabat gününədək sahələrdən 4000 tona yaxın ağ qızıl toplanmışdır. Pambıqçılarımız bu il 12 min tondan çox məhsul yığmağı planlaşdırırlar.
Bütün bunları nəzərə alaraq rayonumuzda da növbəti ildə 10500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işlərinə başlanılmışdır. Bu da imkan verəcək ki, 20 mindən çox sakin işlə təmin edilsin.
Rayonumuzda pambıqçılığın inkişafı ilə yanaşı kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində olmuş və hesabat dövründə bu sahələrdə də müvafiq işlər aparılmışdır.
2016-cı ildə rayon üzrə 18.1 min hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır. Bundan 8043 ha yonca, 6040 ha pambıq, 2005 ha tərəvəz, 814 ha qarğıdalı, 782 ha şəkər çüğunduru, 462 ha günəbaxan, 121 ha kartof, 114 ha bostan, 68 ha paxlalı bitkilər əkilmişdir.Yazlıq əkinlər zamanı 349 hektar ərazidə təkrar əkin aparılmışdır.2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.8 min hektar payızlıq taxıl əkini aparılmış və sahələrdən 79.8 min ton məhsul toplanmışdır.
Rayon üzrə ümumilikdə 6500 hektar əkin sahələrinin suvarılması müasir texnologiyalar əsasında qurulmuş çiləmə və damla üsulu ilə həyata keçirilir.Torpaqların meliorativ vəziyətinin yaxşılaşdırılması məqsədilə 2016-cı ilin 9 ayında 83.2 km kollektor-drenaj sistemi lildən təmizlənmişdir. Hazırda bu işlər davam etdirilir.
Bu dövrdə iri buynuzlu mal-qara 41.2 min baş, xırdabuynuzlu mal-qara isə 139.4 min baş təşkil etmişdir.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 212.9 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 116.4, ticarətdə 53.5, tikintidə 19.8, sənayedə 20.6, nəqliyyatda isə 2.2 milyon manat olmuşdur. Doqquz ayda əsas kapitala yönələn investisiyalar 21.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 171.9 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2100 manat, orta aylıq əmək haqqı isə 293 manat olmuşdur. Əhalinin gəlirləri 212 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 2100 manat təşkil etmişdir.
Rayonda tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər davam etdirilmişdir.
Ölkə Prezidentinin Sərəncamı ilə 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi və rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri işləri başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 2016-cı ilin sentyabr ayının 3-də rayonumuza səfər edərək rayonumuz üçün xüsusi önəm daşıyan bu tikililərin açılışını etdi.
Biləsuvar şəhərinin Nizami, Molla Hüseyn, Xəqani, S.Vurğun, Cəlilabad küçələrində və Ələt-Astara magistral avtomobil yolunun Bəydili kəndi ərazisindən keçən hissəsində ümumilikdə 8.6 km məsafədə asfalt-beton örtüklü yol tikilmişdir.
Rayon Elektrik şəbəkəsinin inzibati binası, Səmədabad kəndində Heydər Əliyev parkı tikilmiş, Əsgərabad kəndində 480 yerlik tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin inzibati binalarının tikintisində son tamamlama işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı 25 ədəd çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı hazırlıq işləri aparılır.Yaxın günlərdə təmir işlərinə başlanılacaqdır.
Rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülərək bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.
Rayonun elektrik təsərrüfatını yaxşılaşdırmaq məqsədilə şəhər mərkəzində və kəndlərdə 53688 metr SİP kabel çəkilmiş, 24 ədəd yeni müxtəlif kva-luq elektrk transformatorları quraşdırılmış,10 ədəd müxtəlif kva-luq elektrik transformatları cari təmir edilmiş, 677 ədəd metal və 1721 ədəd beton elektrik dirəyi quraşdırılmış, 36.4 km elektrik naqili ilə hava verlişi xətləri çəkilmiş və 472 ədəd izolyator yenisi ilə əvəz olunmuşdur.
Bəydili və Çinarlı-Aranlı kəndlərində yeni elektron ATS-lər quraşdırılmış, kənddaxili kabel və rabitə xətləri yenilənmiş,hər iki kənd rayon mərkəzinə fibroptik xətlə əlaqələndirilmişdir.Bəydili kəndində əhalinin təlabatını nəzərə alaraq ATS-də əlavə 100 nömrə artırılmışdır.
Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu il orta məktəbləri bitirən məzunlardan 221 nəfəri ali məktəblərə qəbul olunmuşlar.Qəbul imtahanlarında 22 nəfər 600-dən, 54 nəfər isə 500-dən çox bal toplamağa müvəffəq olmuşlar. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2016-cı ildə də əhalinin tibbi müayinədən keçirilməsi işləri başa çatdırılmışdır.Ötən dövr ərzində 99031 nəfər rayon əhalisinin 81183 nəfəri tibbi müayinədən keçmişdir ki, bu da əhalinin 82 faizini təşkil edir. Rayonumuzda əhalinin üçdə bir hissəsini təşkil edən gənc nəslin ideya-siyasi və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi də hesabat dövründə ən çox diqqət yetirilən sahələrdən biri olmuşdur. Son vaxtlar rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə keçirilən bir sıra tədbirlər gənclər və yeniyetmələr tərəfindən razılıqla qarşılanmışdır.
2016-cı ili xalqımız üçün əlamətdar edən ən mühüm hadisələrdən biri də sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında keçirilən referendum idi. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti, 85.1 faizi, Prezident İlham Əliyevin peşəkar və uzaqgörən siyasəti ilə ölkənin bundan sonra da yeni zirvələr fəth edəcəyinə böyük əminlik nümayiş etdirərək Konstitusiyaya dəyişikliklərə “hə” dedi. Bu, cəmiyyətin ölkə rəhbərliyinin fəaliyyətinə verdiyi yüksək dəstəyin göstəricisi idi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışını Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlərlə sonlandırdı: “Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik.”Biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2016-cı ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq”
Hesabat iclasında Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Rafael Quliyev, Biləsuvar rayon Suvarma Sistemləri idarəsinin baş mühəndisi Tehrac Eyvazov, “MKT-İK” MMC-nin direktoru Qulamhüseyn Əliyev, “CTS-Aqro” MMC-nin direktoru Vaqif Muradov, Nəsimi kəndindən pambıqçı Əlisa Alışanov və Amankənd kəndindən pambıqçı Elşən Hüseynov çıxış edərək görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.
Tədbirin sonunda Rayon İcra hakimiyyətinin başçısı cənab Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2016-cı il tarixli 2131 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mürsəlov Mübariz Mürsəl oğluna medalını və vəsiqəsini, rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə rayon Kommunal Müəssisələri Kombinatının direktoru Ağayeva Xalidə Böyükxan qızına isə rayon İcra Hakimiyyətinin Fəxri fərmanını təqdim etdi.

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv