Binadan yıxıldığı deyilən gəncin intiharına dair şok iddia

Yazırlar ki, ehtiyatsızlıqdan yıxılıb, amma heç kim uşaq deyil. Gecənin bir aləmi kimsə dama çıxıb ehtiyatsızlıqdan yıxılmır.

Yenicag.az xəbər verir ki, bu sözləri intihar etdiyi bildirilən Qadir Elçin oğlu Məmmədov haqda Oxu.az-a danışan onun qohumu deyib.

“İntihar səbəbi hələ ki dəqiq məlum deyil. Ehtiyatsızlıqdan yıxılmayıb, səhər sübh çağı damda adamın nə işi var? Bu, ehtiyatsızlıq ola bilməz. Onun yanında adamlar olublar, onlardan da izahat alınıb. Hərə bir söz yazır, deyir. Bizim bildiyimiz qədər, ortada şantaj xarakterli bir şey var. Amma tam olaraq nə olduğu barədə məlumatsızıq. Əşyaları, telefonu hər biri istintaqdadır, araşdırma aparıldıqdan sonra ailəsinə məlumat veriləcək

Doqquzuncu mikrorayondakı binaya gəlməzdən öncə 14 mərtəbəli başqa bir binaya gedib. Orada blokun qapısının kodunu öyrənə bilməyib deyə, buraya gəlib. Bu blokun qapı kodunu tapıb, dama çıxıb. Özünü atmazdan qabaq da anası ilə danışıb, halallaşıb”, – o bildirib.

Qohumu qeyd edib ki, intihar anında onun dostu yanında olub:

“Dostu yanında olub. İzahatı alınıb, buraxılanda danışdıq. Hadisə ilə bağlı ondan maraqlandıq. O deyir ki, Qadir dama çıxmaq istəyəndə tutub saxlayırmış, dama çıxmağa qoymayıb. Bir anda əlindən qaçıb, dama çıxıb. Dostuna zəng gəlib, elə zəngə cavab vermək üçün bir addım qırağa atanda özünü damdan atıb. Binanın həyətində maşın var idi, onun üstünə düşüb, oradan da yerə”.

Onun sözlərinə görə, Qadir çox mehriban uşaq olub:

“Özü idmançı idi, oxumaqla arası olmayıb. Ancaq idmana gedib, oradan da evinə-eşiyinə gələn biri olub. Yaşına görə çox böyük, özünə hörmət qazanmış, ətrafı geniş uşaq idi. Yaşı az olsa da, gözəl insanlar ilə əhatə olunmuşdu. Xaraktercə qaynayıb-qarışan, öz işində olan biri idi”.

Xatırladaq ki, martın 9-da gecə saat 2 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayon ərazisində yerləşən yaşayış sahəsindəki binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.