Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın terrorçu YPG-ni silahlandırmaq qərarının qısamüddətli xarakter daşıdığını deyib.
Yeniçağ.Az xəbər verir ki, baş nazir Binəli Yıldırım BBC-yə müsahibəsində Türkiyənin ABŞ-ın terrorçu PKK-nın Suriya qolu olan YPG-ni silahlandırmasının yanlış addım olduğunu Vaşinqtonun diqqətinə çatdırdıqlarını deyib:
“Bu, İŞİD-in məhv edilməsinə kömək etməz. Əksinə, terror təşkilatının ömrünü daha da uzadar. Bunun ABŞ-da da başa düşüldüyü qənaətindəyəm. Mənə bildiriblər ki, bu, qəti seçim deyil, qısamüddətli xarakter daşıyan qərardır. Dediklərinə görə, Rakka İŞİD-dən azad edildikdən sonra YPG ilə işləri də bitəcək. Gözləyib görəcəyik”.
ABŞ-ın YPG-ni silahlandırmasına qarşı Türkiyənin ata biləcəyi addımlardan danışan Yıldırım bunları deyib:
“ABŞ-a müharibə elan etməyəcəyik ki… Adı istər PKK olsun, istər PYD, istərsə də YPG olsun, terror təşkilatlarına qarşı mübarizə davam etdiriləcək”.
Baş nazir əlavə edib ki, YPG-nin ABŞ tərəfindən silahlandırılmasına baxmayaraq, Türkiyə özünə qarşı təhlükə hiss edəcəyi təqdirdə, Suriyada terrorçulara qarşı hava əməliyyatlarını davam etdirəcək.
Yeniçağ.Az