Binəqədi qəsəbəsində seçici fəallığı müşahidə olunur

Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərində bir sıra ərazilərdə olduğu kimi, Binəqədi rayonunda da seçkilər bütün qaydalara uyğun və seçici fəallığı ilə davam edir.

Yenicag.az xəbər verir ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 35 saylı seçki məntəqələrində səhər saatlarından başlayaraq seçicilərin xüsusi fəallıqla məntəqələrə üz tutması və öz namizədlərinə səs verməsi müşahidə olunub.

Həmin məntəqələrin birində müşahidəçi qismində fəaliyyət göstərən Samir Soltanovun verdiyi məlumata görə, seçicilər yüksək əhval-ruhiyyədə seçkilərə gəlir və bütün prosedurlara yüksək səviyyədə əməl edərək öz namizədlərinə səs verirlər.

“Bu vaxtadək müşahidəçisi olduğum seçki məntəqəsində heç bir qanun pozuntusuna rastlanmayıb. Hər şey öz qaydasında və axarında davam edir”, – deyə S.Soltanov bildirib.

Digər seçki məntəqələrinin birində müşahidəçi kimi iş başında olan Eşqin Nuruşov da seçkilərin gedişatından, istər müşahidəçilər, istərsə də seçicilər üçün yaradılan şəraitdən razılığını bildirib.

“Mən bu gün səhər saat 08:00-dan burda müşahidə aparıram. Bu vaxtadək heç bir qanun pozuntusuna rast gəlməmişəm. Əksinə, məni bir müşahidəçi kimi sevindirən cəhətlərə rast gəldim. Belə ki, seçicilərin yüksək səviyyədə olan fəallığı və seçici mədəniyyəti bir müşahidəçi kimi məni olduqca sevindirir. Tam əminliklə deyə bilərəm ki, tək mənim müşahidə apardığım məntəqədə deyil, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə bütün məntəqələrdə bu fəallıq var və seçkilər bütün qaydalara uyğun şəkildə davam edir”, – deyə E.Nuruşov bildirib.

COP29