Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin 28-ci cildindəki sənədlərin tədqiqi davam etdirilib və “poliuretan” məmulatının istehsalı ilə bağlı Səhiyyə Nazirliyinin əsasnaməsi və əmri elan olunub.
Hakim bildirib ki, ekspert rəyinə əsasən, Binəqədidə binanın yanması nəticəsində 2 milyon 900 min manat ziyan dəyib.
Hazırda proses davam edir.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. (Trend)
Yenicag.az