Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 10 ədəd 100 mm-lik minaatan mərmisinin, 2 ədəd 100mm-lik tank mərmisinin, 10 ədəd RPQ-7 mərmisinin hissələri və bəzi mərmi qırıntıları olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.